Arif Həsənovun 25 milyon manatlıq əmlakı müsadirə edildi

Arif Həsənovun 25 milyon manatlıq əmlakı müsadirə edildi
13:30

"Azərinşaatservis" MMC-nin Müşahidə Şurasına rəhbərlik edən Arif Həsənovun mülkiyyətində olan və dəyəri 25 milyon manat təşkil edən daşınmaz əmlak müsadirə edilib.

News365.az "Teleqraf"a istinadla xəbər verir ki, sözügedən əmlak Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən ərazini və oradakı qeyri-yaşayış sahələrini əhatə edir. Həmin ərazidə hazırda icarə müqaviləsi əsasında fəaliyyət göstərən bir neçə məşhur şirkət mövcuddur.

Arif Həsənovdan müsadirə edilən bu obyektlərin dövlət hərracı vasitəsilə satılması nəzərdə tutulur.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürərək geri ödəməyən bir qrup şəxs saxlanılmışdı.

Həbs olunanlar siyahısında "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov və həmin şirkətin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor səlahiyyətlərini icra edən Əli Əlişov da var idi.

Elə həmin dövrdə şirkətin Dərnəgüldə yerləşən ofisinin qarşısında əməkhaqlarını tələb edən fəhlələr tərəfindən etiraz aksiyası təşkil olunmuşdu.

Maraqlı məqam odur ki, aksiyada iştirak edən və 5 aydır maaş ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə aid olduğunu iddia edirdilər.

2015-ci ildə həbs qətimkan tədbiri seçilən "Azərinşaatservis"in Müşahidə Şurasının sədri Arif Həsənov bir il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev isə məhkəmə prosesində verdiyi ifadədə "Azərinşaatservis"ə 2011-2012-ci illər ərzində 350 milyon manat həcmində kreditin ayrıldığını bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada