Ağstafa rayonunun Qırılı kəndində dəhşətli ailə faciəsi baş verib. Son bir il ərzində altı nəfərlik ailənin beş üzvü dünyasını dəyişib. Ən son faciə bu gün – iyulun 8-də baş verib. Qonşuların bildirdiyinə görə, kənd sakini Şəfayət İsmayılova yaşadığı evdə pəncərə silən zaman nərdivandan yıxılaraq ölüb. Gənc qadın hadisə yerindəcə dünyasını dəyişib.
Bu, İsmayılovlar ailəsində son bir ildə baş verən beşinci ölüm faktıdır. Ailənin üzvləri müəmmalı şəkildə, müxtəlif vaxtlarda ancaq eyni tarixdə – ayın 8-i günlərində həyatlarını itiriblər.
Qonşu Tahir Tanrıquliyev bildirir:
“Biz qapı qonşuyuq, rəhmətə gedənin də qohumuyam. Səhər zəng gəldi ki, Şəfayət yıxılıb, rəhmətə gedib. Gedəndə gördüm yerdəydi. Atası ilə anasını da gətirdim. Bu artıq ailədə beşinci ölümdür. İki uşaq, qaynata, qaynana və indi də gəlin. Hamısı da ayın 8-də və son bir ildə.”
Qonşuların sözlərinə görə, mərhum pəncərə silmək üçün iki mərtəbəli evin ikinci mərtəbəsində nərdivandan istifadə edib. Həmin an nərdivanın yıxılması nəticəsində qadının baş nahiyəsi ciddi zədə alıb.
Şəfayət İsmayılovanın əmisi Asif Cəfərov isə hadisəyə şübhə ilə yanaşır:
“Səhər zəng gəldi ki, nərdivandan yıxılıb, tələf olub. Getdim, öz gözlərimlə gördüm. Amma mənə bir az qəribə gəldi. Nərdivan uca deyildi, yerə düşəndə qan da yox idi. Adam istər-istəməz düşünür. Amma Allahın işidir, yalan danışa bilmərəm.”
Qeyd edək ki, ailənin faciələri bununla bitmir. 2024-cü ilin avqustun 8-də ailənin 3 yaşlı qızı Gülxar İsmayılzadə qıcolma nəticəsində dünyasını dəyişib. Bu il, iyunun 8-də isə 2024-cü il təvəllüdlü Nilay İsmayılova qəfildən vəfat edib. Ötən ilin sentyabrın 8-də isə ailənin digər üzvləri – baba Füzuli İsmayılov və nənə Xatirə İsmayılova üzüm yığarkən nərdivanla hasarın aşması nəticəsində daşların altında qalaraq həlak olublar.
Hazırda ailədən yalnız Şəfayət İsmayılovanın həyat yoldaşı, Sahil İsmayılov sağ qalıb.
Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağstafa rayonlararası zona mərkəzinə aparılıb. Hadisənin dəqiq başvermə səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.