ABŞ bir neçə aylıq fasilədən sonra tezliklə BMT büdcəsinə ödəniş etməyə başlayacaq.
News365.az xəbər verir ki, məlumatı ABŞ-nin BMT-dəki Daimi nümayəndəsi Mayk Uoltz açıqlayıb.
2025-ci ilin noyabr ayında Uoltz Tramp administrasiyasının BMT-nin gözlənilən islahatlarına töhfələrini dayandırdığını bildirmişdi. İndi isə o, "Reuters" agentliyinə deyib:
"Mən ilk pul tranşının çox tezliklə köçürüləcəyini gözləyirəm. Düşünmürəm ki, son məbləğ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində ediləcək".
Fevral ayının əvvəlinə olan məlumata görə, ABŞ-nin BMT-nin müntəzəm büdcəsinə ödənilməmiş töhfələri təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borclarının 95 faizinə bərabərdir. Bundan əlavə, ABŞ BMT-nin sülhməramlı əməliyyatlarına təxminən 2,4 milyard dollar BMT tribunallarına təxminən 43 milyon dollar borcludur.
BMT likvidlik böhranı ilə üzləşir, çünki onun ən böyük donoru olan ABŞ müntəzəm büdcə töhfələrini ödəməkdən imtina edib və agentlikləri üçün könüllü maliyyələşdirməni azaldıb. "Reuters" agentliyinin məlumatına görə, ABŞ-nin BMT-yə yardımı 2025-ci ildə 3,3 milyard dollara düşüb ki, bu da BMT-nin ümumi maliyyələşdirməsinin təxminən 14,8 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, Vaşinqton 2024-cü ildə 14,1 milyard dollar, 2022-ci ildə isə 17,2 milyard dollar ianə etmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl BMT Baş katibi Antonio Quterreş maliyyə çatışmazlığı üzündən Nyu-Yorkdakı Baş ofisin bağlanma təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Donald Tramp isə buna qarşı çıxıb.