Amerikada aparılan danışıqlardan sonra Paşinyanın müsahibəsində bəzi ərazilər Azərbaycana qayıtmalıdır fikiri səsləndirib. Bizim əksər media isə bunu Kərki olduğunu yazır.
Əzizlərim təkcə Kərki deyil, Nüvədi başda olmaqla 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir.
O dövrdə Moskva tərəfindən Azərbaycanda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları, sonuncu yerdə isə region əhalisinin milli maraqları dayanırdı
1920-ci ilin noyabrından başlayaraq Azərbaycan əraziləri mərhələ - mərhələ Ermənistan Sovet respublikasına verilməyə başladı. Azərbaycanın sərhəd bölgələrindən Zəngəzur, Naxçıvan, Gədəbəy, Qazax, Tovuz ərazilərin bir hissəsi Ermənistanın tərkibinə verildi.
Qeyd edim ki, Ermənistan SSR Qars müqaviləsinə əsasən Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, öz niyyətindən əl çəkməmiş və bir müddət sonra Naxçıvan MSSR torpaqlarının bir hissəsini qopararaq öz ərazisinə birləşdirməyə nail omuşdu. Məlumat üçün yazım ki, Naxçıvan ilə Ermənistan arasında sərhədlər 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmişdi. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5 min 988 kvadrat kilometr müəyyən edilmişdi. Təxminən 488 kvadrat kilometr Naxçıvandan ilk iki ildə Ermənistana verildi.( Bəzi mənbələr 658,4 km olduğunu yazır və ermənilərə verilən torpaqlardan sonra 5.329,6 km.qaldığı qeyd edilir)
O dövrdə Naxçıvan ərazilərin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə onun müddəaları yerinə yetirilməlidir. Lakin bolşevik Rusiyası buna reaksiya belə vermədi.
Sovetlər dövründə də Xruşov Mikoyanın təsiri altında Naxçıvanın Ermənistan-Azərbaycana verilməsi məsələsi olub, 1963-cü ildən Naxçıvanın Ermənistana verilməsi barədə hazırlığa başlandı. Lakin Azərbaycanda o dövrdə hakimiyyətdə olanlar Xruşovu fikrindən yayındıra bildilər, əsas gətirdilər ki, yoldaş Lenin 1921-ci ildə Qara müqaviləsinə qol çəkib və bunu etsə beynəlxalq aləmdə Sovetlərin nüfuzu zəifləyə bilər. Xruşov anti Türkiyə mövqeyindən fikrindən çəkinmək istəmirdi, inad edirdi. Lakin onun işdən azad edilməsi Naxçıvanı xilas elədi.
Son olaraq qeyd edim ki, o dövrdə Qafqazda ən böyük dağıntılara məruz qalan da, insan itkilərinə məruz qalan Naxçıvan idi. Ruslar və ermənilər Naxçıvan və onun ərazisinə talançılıq o qədər etmiş idilər ki, əhali bir müddət torpaq belə əkib becərə bilmirdi.
Məlumat üçün yazım ki, həmin kəndlərin əhalisinin əksəriyyəti ermənilərlə qarşı mübarizə aparmış, kəndləri tərk etmək istəmirdi. Lakin qırmızı terror orda repressiyalar həyata keçirəndən sonra ermənilərə birgə yaşamaq istəməyən Naxçıvanlılar dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçüblər.
Şükür artıq keçmişdə qaldı bu faciələr. İndi müasir tarix yazılır və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail oldu. Zamanla da zorla bizdən alınan Naxçıvan kəndləri geri qaytarılar..
Zaur Əliyev, tarixçi alim