Bu gün 31 Mart soyqrımının qurbanlarının xatirəsi ehtiramla yad edilir, onların yaşadığı ağrı və itkilər unudulmamaq üçün gələcək nəsillərə ötürülür
Azərbaycan tarixində ən faciəli səhifələrdən
biri olan 31 Mart hadisələri xalqın kollektiv yaddaşında dərin iz buraxmışdır.
1918-ci il Mart hadisələri zamanı azərbaycanlı əhaliyə qarşı həyata keçirilən
zorakılıqlar öz miqyasına və qəddarlığına görə XX əsrin ən ağır humanitar
faciələrindən biri kimi qiymətləndirilir. 1918-ci ilin əvvəllərində Cənubi
Qafqaz regionu mürəkkəb siyasi vəziyyətlə üz-üzə idi. Oktyabr inqilabı sonrası
yaranmış hakimiyyət boşluğu müxtəlif qüvvələrin qarşıdurmasına səbəb olmuşdu.
Bakı şəhərində hakimiyyət Bakı Soveti tərəfindən idarə olunurdu və bu qurumun
hərbi dayağını əsasən bolşevik və daşnak silahlı dəstələri təşkil edirdi.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində
Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak
erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10
minlərlə insanı öz torpaqlarından qovmuşlar. Hadisələrin ən ağır tərəfi ondan
ibarət idi ki, qırğınlar əsasən silahsız və müdafiəsiz insanlara qarşı yönəlmişdi.
Qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla öldürülmüş, insanlar
işgəncələrə məruz qalmışdır. Evlər talan edilmiş, kəndlər yandırılmış, dini və
mədəni abidələr məhv edilmişdir. Şahid ifadələri və sonrakı araşdırmalar
göstərir ki, insanlara qarşı qeyri-insani rəftar halları geniş yayılmışdı. Bu
isə hadisələrin təsadüfi deyil, planlı və məqsədyönlü şəkildə həyata
keçirildiyini göstərir. Bu qırğınlar nəticəsində regionun demoqrafik xəritəsi
ciddi şəkildə dəyişdi. Minlərlə ailə parçalandı, yaşayış məntəqələri boşaldı.
Əhali arasında qorxu və qeyri-sabitlik uzun illər davam etdi. İnsanların doğma
torpaqlarından zorla çıxarılması bölgədə sosial və iqtisadi həyatın dağılmasına
səbəb oldu. Qırğınların miqyası müxtəlif tarixi sənədlər, arxiv materialları və
arxeoloji tapıntılarla təsdiqlənir. Xüsusilə Quba kütləvi məzarlığı bu
hadisələrin real sübutlarından biri kimi böyük əhəmiyyət daşıyır. Burada aşkar
edilən insan qalıqları həmin dövrdə törədilmiş zorakılıqları əyani şəkildə
nümayiş etdirir.
Dinc azərbaycanlıların
qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun”
partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni
silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə
qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Bu
qanlı hadisələr təkcə bir xalqın deyil, bütövlükdə regionun çoxmillətli
əhalisinin üzləşdiyi böyük humanitar fəlakət kimi yadda qalmışdır. Həmin dövrdə
dinc əhaliyə qarşı həyata keçirilən zorakılıqlar misilsiz qəddarlıqla müşayiət
olunmuşdur. Silahsız insanlar – uşaqlar, qadınlar və qocalar heç bir fərq
qoyulmadan amansızcasına qətlə yetirilmişdir. İnsanlar yalnız etnik və dini
mənsubiyyətlərinə görə hədəf alınmış, yaşayış yerləri mühasirəyə alınaraq
yandırılmış, ailələr bütövlükdə məhv edilmişdir. Bu hadisələr insanlıq əleyhinə
törədilmiş ağır cinayətlər kimi tarixə həkk olunmuşdur.
Faciənin ən ağrılı tərəflərindən biri onun
yalnız azərbaycanlılara qarşı yönəlməməsi idi. Qırğınlar zamanı minlərlə ləzgi,
yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da eyni qəddarlıqla
öldürülmüşdür. Bu fakt göstərir ki, baş verənlər sadəcə etnik qarşıdurma deyil,
ümumilikdə dinc əhaliyə qarşı yönəlmiş genişmiqyaslı zorakılıq aktı olmuşdur.
Şahidlərin
ifadələrinə və tarixi mənbələrə görə, insanlara qarşı son dərəcə qeyri-insani
üsullarla işgəncələr verilmişdir. Bəzi hallarda insanlar diri-diri yandırılmış,
kütləvi şəkildə qılıncdan və süngüdən keçirilmişdir. Bu cür vəhşiliklər
cəmiyyətin mənəvi dəyərlərinə vurulan ağır zərbə idi və uzun illər insanların
yaddaşında qorxu və ağrı ilə yaşamışdır. Bununla yanaşı, maddi və mədəni irs də
ciddi şəkildə məhv edilmişdir. Tarixi əhəmiyyətə malik binalar, milli memarlıq
inciləri, məktəblər və xəstəxanalar dağıdılmış, Bakı və digər bölgələrdə
yerləşən məscidlər və mədəni abidələr yandırılmış və ya yerlə-yeksan
edilmişdir. Bu, təkcə insanların fiziki məhvi deyil, həm də onların tarixinin,
kimliyinin və mədəniyyətinin silinməsinə yönəlmiş bir siyasət idi. Prezident İlham
Əliyev 29 mart 2005 il-ci ildə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
münasibətilə Azərbaycan xalqına müraciətində bu hadisələrin tarixi köklərinə
toxunmuşdur: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin
əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik
vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini
qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun
Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki
Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni
təcavüzünün qanlı səhifələridir”. Bu qanlı faciə Azərbaycan xalqının yaddaşında
yalnız bir tarixi hadisə kimi deyil, həm də milli yaddaşın, kimliyin və
birliyin formalaşmasında mühüm rol oynayan acı bir dərs kimi qalır. Bu gün
həmin hadisələrin qurbanlarının xatirəsi ehtiramla yad edilir, onların yaşadığı
ağrı və itkilər unudulmamaq üçün gələcək nəsillərə ötürülür. Tarixin bu
qaranlıq səhifəsinin öyrənilməsi və dünyaya çatdırılması, insanlığa qarşı
törədilmiş bu cür cinayətlərin bir daha təkrarlanmaması üçün böyük əhəmiyyət
daşıyır.
Azərbaycan
xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş kütləvi qırğınların obyektiv
şəkildə qiymətləndirilməsi və tarixi həqiqətlərin üzə çıxarılması müstəqillik
dövründə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu
baxımdan Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı
haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edir. 1998-ci il martın 26-da imzalanan
bu Fərman Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinə ilk dəfə
olaraq dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi baxımından tarixi
sənəd hesab olunur. Fərmanın əsas məqsədi yalnız 1918-ci il Mart hadisələri
deyil, ümumilikdə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı həyata keçirilmiş
zorakılıq və qırğınların sistemli şəkildə araşdırılması, onların beynəlxalq
ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi idi. Bu
sənəd, eyni zamanda, Azərbaycan dövlətinin öz tarixinə, xalqının taleyinə və
ədalətin bərpasına verdiyi önəmin bariz nümunəsidir. Bu gün də həmin Fərmanın
ruhuna uyğun olaraq, 31 Mart faciəsinin qurbanları ehtiramla yad edilir, tarixi
həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər
davam etdirilir. Bu gün 31 Mart Azərbaycan xalqı üçün həm matəm, həm də yaddaş
günüdür. Bu faciənin unudulmaması, tarixi həqiqətlərin qorunması və gələcək
nəsillərə ötürülməsi hər bir vətəndaşın borcudur.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müd