308 tələbəyə “Adlı təqaüd” verildi - FOTOLAR

308 tələbəyə “Adlı təqaüd” verildi - FOTOLAR
20 May 2025 17:47

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.   

News365.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” tədbiri Bakı Ali Neft Məktəbində (BANM) keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərindən bəhs edən Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir.

Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil almaları  üçün yaradılan əlverişli şəraitdən bəhs edib, “Adlı təqaüd” layihəsinin önəmini vurğulayıb.  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan gəncliyinin elmə marağının artması istiqamətində görülən işlər, gənclərimizin elmi nailiyyətlərindən danışıb, Bakı Ali Neft Məktəbi tələbələrinin uğurlarını, Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə gələcəyin peşəkar mütəxəssislərinin yetişdiyini vurğulayıblar.   

Qeyd edək ki, təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir. 


      


Sizin reklam burada
Sizin reklam burada