Türkiyə mətbuatı İran ətrafında baş verən proseslərə yaxın zamanda PKK terror təşkilatı və onun qollarının qoşula biləcəyinə dair xəbərlər yaymaqdadır. Ümid edirəm ki, Türkiyə mediasının bu proqnozları özünü doğrultmaz.
Əgər doğrudan da PKK və onun qolu olan PJAK İran daxilində silahlı hücumlara başlayarsa, bu, sadəcə İran ordusu üçün yeni cəbhə olmayacaq, həm də daxildə milli və etnik zəmində qarşıdurmaların fitilini yandıracaq.
Hadisələrin milli qarşıdurma formasına keçidi yalnız İranın ərazi bütövlüyünü təhdid altına salmayacaq, bu, ümumilikdə Qafqaz və Azərbaycanı, eyni zamanda Türkiyəni ciddi risk qarşısında qoyacaq.
Daxildə azərbaycanlılara qarşı terror dalğasının başlaması riski ən çox Türkiyə ilə həmsərhəd ərazilərdə gözlənilə bilər. Bu baş verərsə, Türkiyə də həm öz milli təhlükəsizliyini təmin etmək, həm də həmsərhəd ərazilərdə məskunlaşan azərbaycanlıları müdafiə etmək üçün PKK və PJAK-a qarşı əməliyyatlara başlaya bilər ki, bu da Türkiyənin də proseslərə cəlb olunması anlamına gələcək. İran hal-hazırda çox kövrək ip üzərindən keçir.