Türkiyə Ədliyyə Naziri İstanbulda aparılan istintaqla bağlı açıqlama verdi

Türkiyə Ədliyyə Naziri İstanbulda aparılan istintaqla bağlı açıqlama verdi
19 Mar 2025 18:06

Türkiyə Respublikasının Ədliyyə Naziri Yılmaz Tunç İstanbulda aparılan istintaqla bağlı mətbuat açıqlaması yayıb.

News365.az-ın məlumatına görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 106 şübhəli barəsində bu səhər etibarilə həbs qərarı verilib.

"Bu çərçivədə İstanbul Baş Prokurorluğu tərəfindən iki istintaq aparılır. Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında həbs qərarı var. Bu istintaqda şübhəlilərin terror təşkilatına iştirak halında yardım etmək cinayətini törətdikləri iddiası var.

Digər istintaq Təşkilatlanmış Cinayətlər İstintaq Bürosu tərəfindən aparılır. Bu çərçivədə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı verilib. Bu istintaqda şübhəlilərin mənfəət məqsədli cinayət təşkilatı çərçivəsində rüşvət, irtikab, tender saxtakarlığı, dələduzluq və şəxsi məlumatların qanunsuz ələ keçirilməsi kimi cinayətlər törətdikləri iddia olunur.

Hər iki istintaq çərçivəsində ümumilikdə 106 şübhəli haqqında həbs qərarı verilib. Prokurorluğun açıqlamasına əsasən, istintaq sənədlərində MASAK hesabatları, vergi mütəxəssislərinin rəyləri, təqdimat hesabatı, şahid ifadələri və digər sübutlar yer alır. İstintaq böyük həssaslıq və dəqiqliklə aparılır" – deyə Nazir vurğulayıb.

"Türkiyə hüquq dövlətidir, məhkəmələr müstəqildir"

Yılmaz Tunç Türkiyənin hüquq dövləti olduğunu vurğulayaraq, məhkəmələrin müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərdiyini bildirib:

"Konstitusiyamızın 9-cu maddəsinə əsasən, məhkəmə səlahiyyəti müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilir. Hüququn aliliyi əsas prinsipdir. Qanun qarşısında hamı bərabərdir, heç kimə və heç bir qrupa üstünlük tanına bilməz.

Konstitusiyamızın 138-ci maddəsinə görə, məhkəmələr müstəqildir. Heç bir qurum, vəzifəli şəxs və ya fərd məhkəmələrə və hakimlərə göstəriş verə, tövsiyə edə, təzyiq göstərə bilməz.

Cinayət-Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, istintaq sirridir. Bu gizlilik həm ədalətin düzgün icrası, həm də hüquq pozuntularının qarşısının alınması, günahsızlıq prezumpsiyası və nüfuzun ləkələnməməsi baxımından son dərəcə vacibdir."

"İstintaqa dair yersiz ittihamlar yanlışdır"

Nazir həmçinin istintaqla bağlı əsassız iddiaların təhlükəli olduğunu bildirib:

"Aparılan istintaqın detalları və sübutlarını bilmədən şərh vermək doğru deyil. Qərəzsiz və müstəqil məhkəmənin apardığı istintaqı "dövlət çevrilişi" kimi qələmə vermək həm təhlükəli, həm də yanlışdır.

Digər tərəfdən, istintaqdan istifadə edərək ictimaiyyəti yanlış yönləndirmək, insanları küçələrə səsləmək qətiyyən qəbuledilməzdir.

Hər kəs bilməlidir ki, hüquq dövlətində günahlandırılan şəxslərin özlərini müdafiə edəcəyi yer küçələr deyil, məhkəmələrdir. Əgər cinayət törədildiyi barədə sübut varsa, bununla bağlı araşdırma müvafiq məhkəmə orqanları tərəfindən aparılır. Hər kəs üçün məhkəmə qarşısında hesab vermək və özünü müdafiə etmək hüquq olduğu qədər, həm də bir məcburiyyətdir."

"Məhkəmə sisteminə müdaxilə etmək yolverilməzdir"

Yılmaz Tunç bəzi dairələrin istintaqı prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələndirməyə çalışdığını, bunun isə tamamilə əsassız olduğunu bildirib:

"Məhkəmə sisteminin başlatdığı istintaq və məhkəmə proseslərini Prezidentimizlə əlaqələndirmək ən yüngül ifadə ilə hörmətsizlikdir, həddi aşmaqdır.

Ölkəmizdə qanunvericilik, icra və məhkəmə hakimiyyəti ayrılığı əsasdır. Məhkəmə heç kimdən göstəriş almaz. Məhkəməyə hücum etmək, hakimləri təhdid etmək və onlara təzyiq göstərmək demokratik hüquq dövlətində qətiyyən qəbul edilə bilməz.

Ədalətin bərqərar olması üçün aparılan istintaqlara təsir göstərmək əvəzinə, soyuqqanlı davranmaq və məhkəmənin qərarını gözləmək lazımdır. Müstəqil məhkəmənin çıxaracağı qərar hamı üçün məcburidir və hörmətlə qarşılanmalıdır.

İstintaqın gizliliyi aradan qalxdıqda, bütün sübutlar və detalları cəmiyyətin nəzərinə çatdırılacaq. Buna görə də hələlik heç bir məlumatı olmadan istintaqla bağlı əvvəlcədən hökm vermək doğru deyil.

Unutmayaq ki, hüquq dövlətində günahsızlıq prezumpsiyası və nüfuzun ləkələnməməsi prinsipləri əsasdır.

"Məhkəmə sisteminə güvənmək lazımdır"

Nazir məhkəməyə etimadın vacibliyini vurğulayaraq bildirib ki, məhkəmə çərçivəsində hüquq yolları açıqdır və hər kəsin hüquqları qorunur:

"Ədalətin tam və düzgün bərqərar olması üçün prosesi sakitliklə izləmək və məhkəmə qərarını hörmətlə qarşılamaq hamımızın ortaq məsuliyyətidir.

Heç kimin şübhəsi olmasın ki, məhkəmənin həyata keçirdiyi bütün proseslər öz daxilində yoxlanılır. Kimlərin hansı ittihamlara məruz qaldığı, necə müdafiə olunduqları və hansı sübutların olduğu aparılan istintaq nəticəsində aydın olacaq.

Hamımızın istintaqın nəticəsini soyuqqanlılıqla gözləməsi vacibdir.



Sizin reklam burada
Sizin reklam burada