Tramp üçün Bakı-İrəvan münasibətləri nə dərəcədə önəmlidir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev News365.az-a danışıb.
"Dünən bütün dünya Donald Trampın inauqurasiyasını izləyərək onun atdığı addımlara şahid oldu. O, çıxışında bildirdi ki, qarşıdakı dörd il ərzində ABŞ öz təhlükəsizliyinə, milli maraqlarına və xalqının rifahına daha çox diqqət yetirəcək. Bu isə onu deməyə əsas verir ki, ABŞ digər dövlətlərin suverenliyinə və maraqlarına müdaxilə etməməyə üstünlük verəcək. Keçmişdə belə müdaxilələrin şahidi olmuşuq və onların yaratdığı fəsadları görmüşük. Lakin düşünürəm ki, Donald Tramp bu siyasətdə ciddi dəyişiklik edəcək və digər regionlarda maraqlarını qorumaq üçün fərqli yanaşmalar tətbiq edəcək.
Ekspertlərin də vurğuladığı kimi, ABŞ hazırda cənubdan ciddi təhdidlərlə üzləşir. Xüsusilə miqrasiya problemi ölkənin əsas çağırışlarından birinə çevrilib və bu məsələnin həlli üçün konkret addımlar atılır. Bundan əlavə, ABŞ Panama Kanalı üzərində tam nəzarət əldə etməyə çalışır ki, bu da Çinə qarşı açıq bir çağırış kimi qiymətləndirilə bilər. Yaxın gələcəkdə ABŞ-la mövcud münaqişələrin həlli və güc balansının yenidən qurulması gündəmdədir. Digər tərəfdən, Rusiya və bəzi dövlətlər Çinə olan təzyiqləri azaltmağa çalışır.
Hazırkı dövrdə əsas prioritet enerji, maliyyə resursları və silah tədarükü məsələlərinin həlli, eyni zamanda ölkənin daxili təhlükəsizliyinə yönəlmiş addımların atılmasıdır. Bununla yanaşı, Donald Tramp administrasiyası Marsla bağlı maraqlı mesajlar verir və ABŞ ordusunun gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Yaxın gələcəkdə Azərbaycan-ABŞ münasibətlərində də mühüm dəyişikliklərin şahidi olacağımıza inanıram. Donald Trampın ilk prezidentliyi dövründə Azərbaycanla münasibətlərdə müsbət dinamika müşahidə olunmuşdu. Azərbaycanın regionda mövqeyinin güclənməsi və suverenliyinin qorunması baxımından Tramp administrasiyasının ədalətli mövqe sərgiləyəcəyi gözlənilir. Ermənistanın həyata keçirdiyi təhlükəli və təxribat xarakterli siyasətə dəstək verilməyəcəyi, əksinə, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi üçün Azərbaycanla əməkdaşlığın gücləndiriləcəyi ehtimal olunur.
Eyni zamanda, Donald Trampın iqtisadi məsələlərə xüsusi önəm verdiyini nəzərə alsaq, Azərbaycanın iqtisadi potensialının yüksək olması ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan alternativ iqtisadi layihələr üzərində çalışaraq ABŞ ilə strateji tərəfdaşlıq imkanlarını artırmağa çalışmalıdır. Ölkənin böyük potensialı bu istiqamətdə daha geniş əməkdaşlığa imkan verir."