"Bir sıra hallarda Trampın bu təhdidləri, xüsusən də İranın nüvə proqramını çəkindirmək baxımından, artıq daha çox təsirli ola biləcəyini düşünürəm."
Politoloq Turab Rzayev bu sözləri News365.az-a danışıb.
"Çünki Tramp bundan əvvəl dəfələrlə İranı hədələyib. Deyib ki, İran üçün çox pis ola bilər, biz İran üçün çox ciddi problemlər yarada bilərik. Amma eyni zamanda zaman-zaman əlavə edib ki, əgər İran ağıllı davransa, vaxtında müəyyən tədbirlər görsə, o zaman biz də ona qarşı zərbə endirməyə bilərik. Əslində, Tramp bu cür yanaşmanı bütün beynəlxalq məsələlərdə tətbiq edir. Bunu Ukrayna-Rusiya münasibətlərində də gördük. Tramp hər tərəfə xatırladır ki, əgər onun şərtlərini qəbul etsələr və ortaq məxrəcə gəlsələr, bu, onlar üçün daha yaxşı olar. Əks halda isə, Tramp onlara qarşı vəziyyəti daha da çətinləşdirə bilər. Bu yanaşmanı indi İran məsələsində də tətbiq edir. Lakin görünən odur ki, Tramp hələlik beynəlxalq arenada bu istiqamətdə uğur qazana bilməyib.
Yəni, Tramp hakimiyyətə gəldikdən sonra gözləntilər var idi ki, dörd əsas münaqişə bölgəsində hansısa şəkildə bir uğur əldə edəcək. Bu münaqişələr hansılardır? Fələstin məsələsi – xüsusən də Qəzza ilə bağlı məsələ. Tramp bu sahədə böyük iddialarla çıxış etsə də, nəticə baxımından uğur qazana bilmədi. Rusiya-Ukrayna məsələsində də Tramp böyük addımlar atmaq istədi, lakin real nəticə əldə olunmadı. Danışıqlar çox oldu, yeni İstanbul görüşləri planlaşdırıldı. Qarabağ məsələsi də var idi – burada Tramp hansısa mövqe tuta bilərdi.