Tərtərdə mübahisə zəmnində gənc oğlanı öldürməkdə təqsirləndirilən yeniyetmə F.Q.-nin cinayət işi üzrə məhkəmənin prosesi keçirilib.
News365.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Q. 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında baş verib. 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü F.Q.-nin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. F.Q-yə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə yekun ittiham elan olunub./APA