"Sülh istəyən tərəf səngər qazmamalıdır"- Samir Vəliyev

"Sülh istəyən tərəf səngər qazmamalıdır"- Samir Vəliyev
27 Yan 2025 15:29

“Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Azərbaycan bu məqsədlə özünün sülhpərvər mövqeyini nümayiş etdirir. Lakin Ermənistanın sülh prosesinə münasibəti adekvat deyil”.

Bu fikirləri News365.az-a Millli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, son günlər Ermənistan hərbi birləşmələrinin Kəlbəcər istiqamətində səngər qazması haqqında məlumatlar narahatlıq doğurur. Hazırda sülh sazişi üzrə danışıqların gündəmdə olduğu halda erməni tərəfinin belə bir addımı qəbulolunmazdır. Sülh istəyən tərəf səngər qazmamalıdır. Yəni Ermənistan bu davranışı ilə yeni hərbi təxribatlara hazırlaşdığını göstərir. Erməni tərəfi mütəmadi olaraq  təxribatlar törətməklə bölgədə gərginlik yaratmağa çalışır. Ermənilər tarixən xalqımıza qarşı soyqırımları törədib, bizim torpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıblar. Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Buna görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan regionun gələcəyi naminə Ermənistanla sülh sazişi imzalamağın tərəfdarıdır və bununla bağlı təkliflərini qarşı tərəfə təqdim edib. Şərti dövlət sərhədində təxribatların törədilməsinə gəlincə, Samir Vəliyev  hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq: “Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara,  o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaq üçün  müxtəlif vasitələrdən istifadə edir. Rəsmi İrəvan kənar qüvvələrin vədlərinə aldanmamalıdır. Nəzərə almalıdırlar ki, baş verə biləcək təxribatların bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Şərti dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alınması təcrübəsinə şahidlik etmişik. Bu mənada, yenə təxribatlar olarsa, erməni tərəfi bundan sonra da layiqli cavablarını alacaq”.