Prezident Gəncə Memorial Kompleksinin açılışında

Prezident Gəncə Memorial Kompleksinin açılışında
13:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.


News365.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoydu.


Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.


Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.


Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.


Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.


Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.


Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.


Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.


Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.


Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyevin Gəncə Memorial Kompleksində şəhər sakinləri ilə səmimi görüşü oldu.


Sizin reklam burada
Sizin reklam burada