Polşa haubitsa sursatlarının istehsalını 5 dəfə artırmağı planlaşdırır. Buna səbəb idxal olunan silahlardan asılılığı azaltmaq və şərqdə Rusiya təhlükəsindən qorunmaq istəyidir. Bu barədə Polşanın dövlət aktivləri naziri Yakub Yavorovski Financial Times-a bildirib.
O, nəşrə bildirib ki, dövlətə məxsus müdafiə şirkəti olan PGZ iri çaplı döyüş sursatlarının istehsalını artırmaq və Polşanın ən kəskin müdafiə çatışmazlıqlarından birini həll etmək üçün yaxın günlərdə 2,4 milyard zloti (663 milyon dollar-red.) dövlət vəsaiti alacaq. İnvestisiya NATO standartlarına uyğun haubitsalar üçün istifadə olunan 155 mm-lik artilleriya mərmiləri qrupunun və tanklar üçün 120 mm-lik mərmilərin illik istehsalının artırılmasına yönəlib.
Yavorovski qeyd edib ki, Rusiyanın Ukraynadakı müharibəsi göstərdi ki, “155 millimetrlik sursat müasir döyüş meydanında əsas rol oynayır və böyük miqdarda lazımdır”.
PGZ hazırda ildə təqribən 30.000 iri çaplı mərmi istehsal edir və maliyyələşdirmənin üç il ərzində bu rəqəmi beş dəfədən çox artıraraq 150.000-180.000-ə çatdıracağı gözlənilir, istehsal isə idxal olunan komponentlərdən asılılığı yox etmək üçün Polşada həyata keçiriləcək.
Tural