Xəbər
verdiyimiz kimi sentyabrın 9-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi
ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında
Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba
Komissiyasının üçüncü iclası keçirilib. İclasda ortaq əlifba
ideyasının hazırlanmasında irəliləyişlər müzakirə edilib və bu istiqamətdə növbəti
addımlar müəyyən olunub. Sonda isə TDT ölkələrinin 34 hərfdən ibarət ortaq əlifbası
qəbul edilib.
Nəzərə alaq ki, ortaq əlifba layihəsi Qərbi Azərbaycanda
doğulmuş, görkəmli ictimai və elm xadimi, müasir Azərbaycan Əlifbasının
müəllifi, Azərbaycan Əlifbası Komissiyasının sədri, AMEA-nın həqiqi üzvü,
professor Afad Qurbanova məxsusdur.
Bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr
müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova ilə həmsöhbət olduq. Oxucularımız üçün də maraqlı
olacaq deyə həmin müsahibəni təqdim edirik.
-
Sayalı xanım, əvvəla böyük hadisə münasibəti ilə Sizi də təbrik edirik.
Hər kəs üçün xeyirli, uğurlu olsun.
Çox sağ olun. Doğrudan da əlamətdar hadisədir.
Çünki, Türk dövlətlərinin ortaq əlifbasının çox böyük siyasi və mədəni əhəmiyyəti
var. Bu qərar türk dövlətlərinin həyatında yeni və daha möhtəşəm bir səhifə
açır.
-
Bu gün bu
məsələdə əməyi və xidmətləri olan hər kəs ehtiramla xatırlanır. Təbii ki, həmin
fədailərin önündə hörmətli Akademik Afad Qurbanovun adı gəlir. Elə deyilmi?
Tamamilə doğru dediniz. Sovetlər birliyi
dağılandan sonra müstəqilliyimizin ilkin dövrlərində türkdilli dövlətlər
arasında iqtisai-siyasi əlaqələr yaranıb inkişaf etməyə başladı. Belə bir dövrdə
türkdilli dövlətlər arasında mədəni əlaqələrin yenidən bərpası zərurəti
yarandı. Məhz bu zərurəti reallığa çevirmə məqsədi ilə türkdilli dövlətlərin
tanınmış elm adamları, ziyalııları 1991-ci ildə Türkiyənin Mərmərə
Universitetinə toplaşdı. Həmin toplantıya qatılan Azərbaycanın nümayəndə heyətinə
Mili Elmlər Akdemiyasının üzvü Afad Qurbanov başçılıq edirdi. Toplantıda Afad
müəllim ortaq dil və ortaq əlifba məsələsini irəli sürdü. Və bununla bağlı
özünün elmi konsepsiyasını ortaya qoydu.
-
Bu konsepsiya nədən ibarət idi?
Bu konsepsiyada qeyd edilirdi ki, ortaq əlifbanın
yaradılması türkdilli ölkələrin mədəni birliyininin yaradılmasında, eləcə də ədəbiyyatının
və folklorunun təbliğində əsas vasitədir.
Təbii ki, Afad Qurbanovun təklifi məmnunluqla
qarşılandı və geniş müzakirələrə səbəb oldu.Digər ölkələrin təmsilçiləri də məsələ
ilə bağlı öz təkliflərini irəli sürdülər. Nəzərə alaq ki, Afad müəllimin
qrafika ilə bağlı, fonetikanın əsas xüsusiyyətlərinin tədqiqilə bağlı, xüsusilə
də səslər və onun məxrəci ilə bağlı geniş tədqiqatları vardı. Eləcə də yeni əlifbanın
yaradılması ilə bağlı onun zəngin təcrübəsi vardı. Məhz bu səbəblərə görə Afad
müəllimin təklif etdiyi layihə ilkin variant kimi qəbul edildi.
Afad Qurbanovun layihəsi qəbul edildikdən
sonra türkdilli dövlətlərin elm adamları arasında orfoqrafiya və qrafika məsələlərinin
müzakirəsi başlandı. Nəhayətdə 1993-cü ildə Mərmərə Universitetində ortaq türk əlifbası
qəbul edildi. Həmin tədbirdə hərflərin düzülüşü, xüsusilə də səs məxrəci eyni
olan hərflərin yanbayan düzülüşü ilə bağlı Afad Qurbanovun geniş məruzəsi dinlənildi.
Bundan sonra ilkin mərhələdəki layihə ilə sonrakı layihə müqayisə edilərək,
sonuncu layihə qəbul edildi. Sonda türkdilli ölkələrin alimləri yekdilliklə son
layihəni qəbul etdi. Həmin tədbirdə qərara alındı ki, Afad Qurbanovun layihəsi
türkdilli ölkələrdə müzakirə edilsin və müzakirələrdən sonra onun tətbiqi ilə
bağlı qərar qəbul olunsun.
-
Təbii ki, bu məsələdə siyasi qərarlar
əsasdır…
Əlbəttə ki. Nəzərə alaq ki, sonrakı illərdə də
bu layihə tez-tez müzakirə edilirdi. Sonuncu dəfə Ankara Universitetində də bu
layihə yenidən müzakirə obyekti oldu. Aparılan bütün müzakirələrinsə sonu bu
oldu ki, Afad Qurbanovun layihəsi türkdilli dövlətlərin əlifbası üçün əsas
olsun.
Sonra isə Türk Dünyası Ortaq Əlifba
Komissiyası Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə hər bir türk ölkəsindən
dil sahəsinə məsul olan iki nümayəndənin iştirakı ilə yaradıldı. Birinci görüş
2023-cü il mayın 28-29-da Astanada, ikinci görüş 2024-cü il mayın 6-7-də Bakıda
baş tutub. Komissiya TDT-nin himayəsi ilə Türk Akademiyasının nəzdində fəaliyyət
göstərir. Nəhayət, Türk Akademiyası tərəfindən sentyabrın 9-da ortaq türk əlifbası
qəbul edildi.
Hər birimiz üçün əlamətdar olan bu hadisə Afad
Qurbanov sevənlərin, onun tələbələrinin ikiqat bayramdır. Çünki, Afad müəllim
bu əlifbanın yaradılmasına bütün həyatını həsr etmişdi. Və bu günü görmək bəlkə
də onun ən böyük arzusu idi. O bu günü görməsə də əminəm ki, ruhu çox şaddır.
Bu gün Afad Qurbanovun arzusunun çin olan günüdür.
News365.az