Nigeriyanın müxtəlif şəhərlərdə ərzaq paylanması zamanı yaranan izdihamda 50-dən çox insan həyatını itirib.
Bu barədə Nigeriyanın "Arise news" telekanalı məlumat yayıb.
Paytaxtın Maytama rayonunda kilsədə aztəminatlı ailələrə ərzaq paylanması zamanı yaranan izdihamda azı 10 nəfər həlak olub. Anambra əyalətinin Okija şəhərindəki stadionda isə humanitar yardım paylanması zamanı 40-dan çox insan izdihamda qalaraq dünyasını dəyişib.
Nigeriya polis rəisi Kayode Eqbetokun paytaxt və Anambra əyalətində baş verən faciələrin hərtərəfli araşdırılmasına göstəriş verib.
Ölkə prezidenti Bola Tinubu faciə ilə əlaqədar qarşıdakı günlərdə keçiriləcək bütün bayram tədbirlərində iştirakını ləğv edib.
Leyboristlər Partiyasından 2023-cü il seçkilərində prezidentliyə namizəd Piter Obi baş verən faciələri kütləvi yoxsulluğun, ərzağın yüksək qiymətinin və hakimiyyətin yanlış addımlarının nəticəsi kimi qiymətləndirib.
Nigeriyanın paytaxtı Abucada katolik kilsəsində humanitar yardımın paylanması zamanı baş vermiş basabas nəticəsində azı 10 nəfər həlak olub.
Bu barədə Nigeriya qəzeti “Punch” mənbələrə istinadən məlumat yayıb.
Nigeriya polisinin rəsmi nümayəndəsi Jozefina Ade qeyd edib ki, Maytama rayonunda yerləşən kilsənin qarşısında səhər tezdən mindən çox insan toplaşıb.
“Ərzaq yardımının paylanması zamanı baş vermiş basabas nəticəsində dördü uşaq olmaqla 10 nəfər həlak olub. Daha səkkiz nəfər yaralanıb”, – o bildirib.
Nigeriyanın “Channels TV” telekanalı xəbər verib ki, kilsəyə yardım üçün təkcə paytaxtdan deyil, həm də ətraf kəndlərdən 3 min nəfər gəlib. Ərzaq və geyim paylanması qarşıdan gələn Milad bayramı münasibətilə təşkil edilib. Humanitar yardım yaşlı insanlar üçün nəzərdə tutulub.