Navalnayanın “rusiyalılar günahkar deyil” sözlərinə etiraz: “Ukraynalı qadınları Putin zorlayıb?”

Navalnayanın “rusiyalılar günahkar deyil” sözlərinə etiraz:  “Ukraynalı qadınları Putin zorlayıb?”
22 Apr 2024 22:33

İsrailli polittexnoloq Mixail Şeytelman rus müxalifətinin liderliyinə iddialı olan Yuliya Navalnayanı sərt tənqid edib.

Buna səbəb Yuliya Navalnayanın Ukrayna hökuməti ilə bağlı açıqlaması olub.

Ekspertin fikrincə, Yuliya Navalnayanın tanınmış jurnalist Savik Şusterə müsahibəsində “Ukrayna dövləti müharibəyə qarşı olan rusiyalılarla münasibət qurmadığı üçün səhv edir. Hesab edirəm ki, onlar müharibə əleyhdarları olan rusiyalıları axtarmağa çalışmırlar. Bu adamları müdafiə etmək lazımdır. Bu müharibə rusiyalıların deyil, Putinindir” fikri qəbuledilməzdir.

Mixail Şeytelman hesab edir ki, bu açıqlama Yuliya Navalnayanı ifşa edib, çünki Rusiya müxalifətinin əsl siması budur.

O, xatırladıb ki, 2022-ci ilə qədər Ukrayna hökuməti Rusiya müxalifətinin arasında müttəfiq axtarıb, hətta ukraynalı rəsmilərin bəziləri mütəmadi olaraq rus müxalifətçilərinin internet kanallarında çıxış ediblər. Lakin müharibə başlayandan sonra bu dairə tam məhdudlaşdırılıb: “Çünki ukraynalılar rus müxalifətçiləri arasında müttəfiq tapmadılar”.

Məhz Rusiya müxalifətindəki siyasətçilər arasında müttəfiqlərin axtarıldığını xatırladan ekspert şovinist baxışları ilə fərqlənən Aleksey Navalnının dul xanımına belə bir sual ünvanlayıb: “Hörmətli Yuliya Navalnaya, Ukraynanın qələbəsini istəyən neçə rusiyalı siyasətçi var?”.

O, nəzərə çatdırıb ki, müsahibə zamanı Yuliya Navalnaya bir dəfə də olsun, Ukraynanın qələbəsini istədiyini söyləməyib, Ukrayna tərəfinin Rusiyadakı sənaye və hərbi obyektləri vurmasına haqq qazandıran açıqlamalar verməyib, Rusiya müxalifətinin Ukraynaya kömək etməsinin zəruriliyindən danışmayıb.

“Əgər Ukrayna hökuməti rusiyalı müxlifətçilərin arasında müttəfiq axtarmağa başlasa, Yuliya Navalnaya o sırada olmayacaq. Çünki o, Ukraynanın qələbəsinin tərəfdarları arasında deyil”.

Ekspert bildirib ki, indiyədək Aleksey Navalnının xanımı bir dəfə də olsun, Rusiyanın bütün qoşunlarını Ukrayna ərazilərindən, o cümlədən Krımdan və Donbasdan çıxarmasını, Rusiyanın Ukraynaya vurulmuş zərərə görə təzminat ödəməsini, bütün müharibə cinayətkarlarının Ukraynaya təhvil verilməsini, ən əsası, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini söyləməyib. 

Şeytelman bildirib ki, Rusiya qoşunlarının Ukraynada xüsusi vəhşiliklə törətdikləri hərbi cinayətlərdən öncə bəlkə də kimisə “bu müharibəni Rusiya xalqı deyil, Putin istəyr” narrativinə inanmaq olardı. Amma indi bu, mümkün deyil.

“Bütün kütləvi qətliamlara görə rusiyalılar birbaşa məsuliyyət daşıyır. Məgər Xersondakı düşərgələrdə  ukraynalılara Putin işgəncə verirdi? Məgər qadınları Putin zorlayırdı? Məgər qadınları, qocaları, uşaqları Putin öldürürdü? Hazırda 450 min hərbçi Ukrayna ərazisindədir. Səfərbərliyə yollananlar rusiyalı deyilmi? Yüzlərlə rusiyalı gəlib işğal olunmuş Mariupolda məskunlaşıb. 600 min mülki rusiyalı Krıma yaşamağa gəlib. Milyonlarla rusiyalı Rusiyanın hərbi-sənaye müəssisələrində ukraynalıları qətlə yetirmək üçün silah istehsal edir. Yelabuqda Ukraynanın üzərinə göndərilən dronları tələbələr hazırlayır, Putin yox. Kim rus əsgərlərinə yemək, içmək, geyim, yardım göndərir? Bunu edənlər rusiyalılar deyilmi, bu, onların müharibədə iştirak etdiyini göstərmirmi?”.

Şeytelman deyib ki, Yuliya Navalnayanın kollektiv Qərbi Rusiyanın üzərindən sanksiyaları götürməyə çağırması, sanksiyaların yalnız Putinə və ətrafına tətbiq olunmasını söyləməsi absurddur.

“Navalnaya demək istəyir ki, gəlin bütün Rusiyanı yedizdirək, Putin isə ölkənin pullarını müharibəyə sərf etsin”.

Xatırladaq ki, ərinin ölümündən sonra Avropa Parlamentində çıxış edən Yuliya Navalnaya, ilk növbədə, xaricdə məskunlaşan ruslara qarşı münasibətin dəyişdirilməsi, onların dəstəklənməsi təklifi ilə çıxış edib.


Youtube kanalımız

Oxşar xəbərlər