Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Türkiyənin Adana əyalətində ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" zenit-raket kompleksi (ZRK) yerləşdirir.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Patriot" ZRK NATO-nun Almaniyadakı Müttəfiqlərin Hava Komandanlığı (AİRCOM) tərəfindən Adanada əlavə olaraq yerləşdirilir.
Qeyd edək ki, Türkiyə bundan əvvəl Malatyada ölkə ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" zenit-raket kompleksi yerləşdirib.
Xatırladaq ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan üç raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.