Prezident İlham Əliyev: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır”
Azərbaycan
Respublikasının dövlətinin strateji fəaliyyət istiqamətləri, ölkənin inkişafını
təmin etmək, milli təhlükəsizliyi qorumaq, iqtisadiyyatını gücləndirmək və
beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmək məqsədi ilə həyata keçirilən
uzunmüddətli siyasətləri və prioritetləri əhatə edir. Bu istiqamətlər
Konstitusiyada və digər hüquqi sənədlərdə müəyyən olunmuşdur və dövlətin
fəaliyyətində əsas hərəkətverici qüvvə kimi çıxış edir.
Azərbaycan
Respublikasının Konstitusiyası ölkənin siyasi quruluşunu, dövlətin idarəetmə
sistemini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir. Əsas
xüsusiyyətlərindən biri, Azərbaycanın prezidenti institusiyasının güclü
mövqeyidir. Azərbaycan dövlətinin hüquqi strukturu, həmçinin parlament və
hakimiyyəti balanslaşdıran bir sistemə əsaslanır. Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın
12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların
91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas
Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Azərbaycan
Respublikasının 1995-ci il Konstitusiyası, ölkənin müstəqillik qazandığı dövrün
tələbləri nəzərə alınaraq qəbul edilib və dövlətin hüquqi əsaslarını
müəyyənləşdirib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna
əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr
tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd
edilməyə başlandı.
Konstitusiya
insanların fundamental hüquq və azadlıqlarını təmin edən və bunların
pozulmasına qarşı müvafiq hüquqi müdafiə mexanizmlərini gücləndirən müddəaları
əhatə edir. İnsan hüquqlarının qorunması, vətəndaşların bərabərliyi, azad seçki
hüququ, ifadə və toplaşma azadlığı kimi hüquqların təmin edilməsi əsas strateji
hədəflərdən biridir. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və
ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş
cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin
formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu. Bu
istiqamətlər Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir və onun ümumi
inkişaf yolunun müasir tələblərə uyğun olmasına yönəlmişdir. Bu məqsədlər,
Azərbaycanın həm daxili, həm də xarici mühitdə daha güclü bir dövlətə
çevrilməsi üçün mühüm rol oynayır.
Lakin zaman
keçdikcə, qlobal dəyişikliklər, daxili inkişaf və cəmiyyətin tələbləri nəzərə
alınaraq, Konstitusiyada bəzi dəyişikliklər və əlavə etmələr edilib. Bu
dəyişikliklər, həmçinin müasir meylləri nəzərə almaqla, Azərbaycanın hüquqi,
siyasi və sosial strukturlarını daha da təkmilləşdirib.
2002-ci ilin mart ayında Konstitusiyaya bir
sıra dəyişikliklər və əlavələr edildi. Bu dəyişikliklər, həmçinin vətəndaşların
sosial və iqtisadi hüquqlarının genişləndirilməsi və dövlətin daha güclü
şəkildə qurulması istiqamətində atılmış addımlar idi. 2009-cu ildə Azərbaycan
Konstitusiyasında bir daha dəyişikliklər edərək prezidentin hakimiyyətdə olan
müddətini məhdudlaşdıran bəzi dəyişikliklər ləğv edildi və prezidentin
səlahiyyətləri genişləndirildi. Bu haqda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev demişdir: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik
cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli
inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə
ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş
bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının
qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş
mühüm dəyişiklik və əlavələr edilmişdir. Universal dəyərlərə əsaslanan
Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və
ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.
Azərbaycan Konstitusiyaya uyğun olaraq hüquqi dövlət quruluşunu möhkəmləndirir,
qanunvericilik sisteminin təkmilləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin
fəaliyyətini gücləndirməkdədir. İnsan hüquqlarının qorunması və vətəndaşların
azadlıqlarının təmin edilməsi istiqamətində ciddi addımlar atılmaqla, bu sahədə
beynəlxalq standartların yerinə yetirilməsi məqsəd qoyulub. Dövlət, təhsil
sistemini dünya standartlarına uyğunlaşdırmaq, müasir tələblərə cavab verən
kadrların yetişdirilməsinə xüsusi diqqət yetirir. Azərbaycanın elm və
innovasiya sahəsində yüksək texnologiyalar və araşdırmaların dəstəklənməsi,
elmi potensialın inkişaf etdirilməsi, eləcə də startapların təşviqi prioritet
sahələrdəndir. Azərbaycan öz milli mədəniyyətini qorumağı və təbliğ etməyi
hədəfləyir, eyni zamanda beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun
inkişafına töhfə verir. Azərbaycan multikulturalizm prinsipinə sadiq qalır və
ölkədəki müxtəlif etnik və dini qrupların birgə yaşayışını və qarşılıqlı
hörmətə əsaslanan münasibətləri dəstəkləyir.
Azərbaycan beynəlxalq hüquq
prinsiplərinə daha çox riayət etməyə, hüquq sistemini beynəlxalq standartlarla
uyğunlaşdırmağa çalışır. Bu, hüquqi müstəqillik və demokratik dəyərlərin
inkişafına şərait yaradır. Məhkəmə sisteminin müstəqilliyi, ədalətli
məhkəmələrə əlçatanlıq və qanun qarşısında bərabərlik prinsipi, müasir
Azərbaycan Konstitusiyasının vacib xüsusiyyətləridir. Azərbaycan Konstitusiyası,
sosial dövlət prinsiplərini dəstəkləyir. Hər bir vətəndaşın sosial hüquqları
qorunur, o cümlədən işsizlik, təhsil, səhiyyə və sosial təminat kimi sahələrdə
dövlətin vəzifələri genişləndirilir. Azərbaycan, müxtəlif etnik və dini
qrupların birgə yaşadığı bir ölkə olaraq, Konstitusiyada multikulturalizmin və
dini tolerantlığın təmin edilməsi prinsiplərini ön plana çıxarır. Dövlət, bütün
vətəndaşların dini, etnik və mədəni mənsubiyyətinə görə bərabər hüquqlara malik
olduğunu bəyan edir.
Ümumiyyətlə,
Azərbaycanın konstitusiya quruluşunun tarixi ölkənin siyasi və hüquqi həyatında
mühüm mərhələləri əks etdirir və müasir dövrdə də Azərbaycan Respublikasının
hüquqi bazasını formalaşdırmağa davam edir.
Aybəniz Rüstəmova
Avrasiya
universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent