“Minsk qrupu nəyin bahasına olursa-olsun qorunub saxlanılmalıdır”.
News365.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın mətbuat konfransında deyib.
Hakimiyyətdə olduğu müddətdə Qarabağla bağlı danışıqların dalana dirənməsində xüsusi pay sahibi olan Köçəryanın sözlərinə görə, əgər ATƏT-in Minsk qrupu indi buraxılsa belə, yeni beynəlxalq formatın formalaşdırılması son dərəcə çətin olacaq.
Köçəryanın çıxışında Rusiyaya ünvanlanmış mesajlar da yer alıb. O, Qərbin Ermənistanla bağlı siyasətini tənqid edib:
“Qərb ikili standartlarla Ermənistanı hansısa yolla Rusiyadan uzaqlaşdırmağa çalışır. Rusiya ilə ittifaq dövləti yaratmaqdan qorxmamalıyıq, regionda faktora çevrilməyin mümkün həll yollarından biri də Rusiya ilə ittifaq dövlətidir. Mənim prezident olduğum dövrdə belə bir təklif olmayıb, amma indi belə proseslərə çox praqmatik və çox konkret hesablama ilə yanaşmaq lazımdır".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Robert Köçəryan çoxdan müdafiə mövqeyindədir.
Siyasi şərhçinin sözlərinə görə, Köçəryanı narahat edən əsas məsələ özünə "siyasi tərəfdaşlar" saydığı şəxslərin hazırda Bakıda məhkəmə qarşısında ifadə vermələridir:
"Əslində Köçəryan da Bakıda mühakimə olunan şəxslərlə eyni cərgədə olmalıdır. Çünki eyni cinayətləri törədiblər, əlbir olublar. Görünür, Bakıda məhkəmələrdə səslənən bəzi açıqlamalar həm Nikol Paşinyanı, həm də Robert Köçəryanı da narahat edir. Yaxşı başa düşürlər ki, onları uzun müddət müdafiə edən müxtəlif siyasi qurumlar, təşkilatlar ciddi tənqid altındadır və qanunsuz fəaliyyətləri ifşa olunmaqdadır. Azərbaycanın öz məqsədlərinə gec-tez nail olacağını da dərk edirlər. Bilirlər ki, xalqımıza qarşı cinayət törətməkdə təqsirli bilinənlərin hamısı məhkəmə qarşısında cavab verəcək. Narahatlıq buradan qaynaqlanır”.
Tofiq Zülfüqarov: Ermənistan keşmiş və indiki rəhbərliyi Azərbaycanın öz məqsədlərinə nail olacağını dərk edirlər
Zülfüqarov onu da deyib ki, 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Seçki mübarizəsi artıq başlayıb:
“Paşinyan seçkiyə hesablanmış bəyanatlarla çıxış edir. Köçəryan da bu yolu seçib və seçki öncəsi fəallığını artırmaq qərarına gəlib. Köçəryanla yanaşı, onun oğlunun fəallığı da gözdən qaçmamalıdır".
Keçmiş nazir əlavə edib ki, Köçəryanın Ermənistanda yenidən hakimiyyətə gəlmək, ətrafına ciddi elektoral baza toplamaq şansı yoxdur:
"Sadəcə hazırda sahib olduqlarını, yəni biznesini mühafizə etmək məqsədi ilə siyasi nüfuzunu qoruyub saxlamağa çalışır. Ən azı parlamentdəki mövqelərini qorumalıdır. Yəni əsas məsələ yenidən hakimiyyətə gəlməkdən daha çox gündəmdə qalmaq, mövqelərini itirməməkdədir. Onun ciddi iddiaları reallıqdan uzaqdır. Xatırlayırsızsa, o vaxt erməni keşişin aksiyalarını maliyyələşdirən də Köçəryan idi. Amma indiki halda Köçəryanın hansısa ümidlərinin özünü doğrultması inandırıcı görünmür".