Kişi ondan borcunu istəyən sevgilisini döydü

Kişi ondan borcunu istəyən sevgilisini döydü
10:38

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

News365.az xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə gecəyarısı paytaxtın Nəsimi rayonunda, küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.

Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib, onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib.

Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərərçəkmiş şəxslə 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə, Ülkərə 1 200 manat borcu olub və bu məbləği hissə-hissə ödəyirmiş.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə iaşə obyektində qarşılaşıb, daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə, zərərçəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə başına, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub.

Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.


Sizin reklam burada
Sizin reklam burada