Politoloq Tural Əliyev yeni nəsil müharibələrin xarakteri ilə bağlı açıqlama verib.
News365.az xəbər verir ki, o, “Facebook” səhifəsində etdiyi paylaşımda müasir dövrdə müharibələrin artıq yalnız hərbi müstəvidə deyil, informasiya və psixoloji sahədə də aparıldığını bildirib.
Onun sözlərinə görə, informasiya-psixoloji mühitdə həyata keçirilən bu cür təsirlərin əsas məqsədi qarşı tərəfin həm silahlı qüvvələrini, həm də cəmiyyətini zəiflətmək, mənəvi baxımdan sarsıtmaqdır.
Politoloq qeyd edib ki, sürətli informasiya axını fonunda dezinformasiya, şayiələr və konspirasiya nəzəriyyələrinin fərqləndirilməsi getdikcə çətinləşir. O vurğulayıb ki, belə saxta məlumatlar əsasən sosial şəbəkələr və müəyyən internet platformaları vasitəsilə yayılır və oxşar maraqlara malik qruplarda daha sürətlə təsir gücü qazanır.
Tural Əliyev əlavə edib ki, informasiya müharibəsi müasir dövrün ən təhlükəli çağırışlarından biridir və bu sahədə cəmiyyətlərin daha diqqətli olması vacibdir.
