“Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməməyə dair saziş imzalamağa hazır olmadığını bəyan edib. Rəsmi Tbilisinin mövqeyinə görə, ölkənin ərazi bütövlüyünün bərpası üçün yeganə yol dinc vasitələrdən keçir”.
News365.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında məlumat verib.
“Təbii ki, biz bu məsələyə – güc tətbiq etməməyə dair sazişin imzalanmasına hazır deyilik. Bu, bizim üçün ciddi məsələ deyil. Biz sadəcə olaraq bir şeyi bildiririk: ərazi bütövlüyünün bərpası üçün yeganə yol sülh yoludur. Biz bunu dəfələrlə bəyan etmişik və hər hansı sənəddən və ya razılaşmadan söhbət gedə bilməz”, – deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki,Rusiya və separatçı rejimlər uzun illərdir Gürcüstandan belə bir sazişi imzalamağı tələb edirlər. Onlar bu sənədi özlərinin təhlükəsizliyinin təminatı kimi təqdim etsələr də, Tbilisi bunu öz suverenliyinə və ərazi bütövlüyünə zidd hesab edir. Gürcüstan hesab edir ki, belə bir saziş faktiki olaraq Abxaziya və Cənubi Osetiyanın müstəqil tərəf kimi tanınması anlamına gələ bilər.