“Tülpanlarla bağlı çəkdiyim video ilə əlaqədar açıqlama vermək istəyirəm. Əslində, bunu etməzdim, amma görürəm ki, bəzi insanlar həddindən artıq narahatlıq keçirirlər. İlk olaraq qeyd etmək istəyirəm ki, mən heç bir gülə, hətta bir ləçəyinə belə zərər verməmişəm. Orada boş bir hissə var idi, mən də videonu həmin yerdən keçərək çəkmişəm. Bu məsələ bununla bağlıdır”.
News365.az xəbər verir ki, bunu Dənizkənarı Milli Parkda gülləri əzərək yararsız hala saldığına görə polisə çağırılan bloqerlərdən biri olan Selcan Vəlizadə deyib.
O, tənqidlərlə razılaşmadığını bildirib:
“Şərhlərdə görürəm ki, bəzi insanlar mədəniyyətdən dərs keçirmiş kimi danışırlar, amma mənim paylaşdığım videonu icazəm olmadan götürüb başqa yerlərdə paylaşırlar, storilərdə yayırlar. Əgər siz mədəniyyətdən danışırsınızsa, ilk növbədə bilməlisiniz ki, bir insanın icazəsi olmadan onun videosunu paylaşmaq düzgün deyil. Bu, sizin haqqınız deyil.
İkinci məsələ isə budur ki, mədəniyyətdən danışan insanlar əvvəlcə istifadə etdikləri sözlərə diqqət etməlidirlər. Məncə, insanın mədəniyyəti onun danışığında, istifadə etdiyi ifadələrdə və cəmiyyət qarşısındakı davranışında özünü göstərir. Üstəlik, bu mövzuda ən çox narahat olan, ən sərt rəylər yazan insanların profillərinə baxanda, onların məsələyə nə dərəcədə aidiyyətsiz olduqları açıq görünür.
Bir də “görməmiş” kimi ifadələr yazırlar. Açığı, bunu deyənlərə demək istəyirəm ki, mənim gördüklərimi bəziləriniz heç yuxuda da görməyibsiniz. Bu da bir kənara. Həm də elə danışırlar ki, guya hamının həyətində tülpan bağı var. Sanki tülpan görmək bu qədər adi bir şeydir.
Sonda isə bildirmək istəyirəm ki, əgər ortada hər hansısa bir səhv varsa, təbii ki, qanun qarşısında cavab verməyə hazırıq. Cərimə yazılarsa, onu da ödəyərik. Amma heç kimin bizə əsassız ittihamlar irəli sürməyə haqqı yoxdur.
Bir məsələni də qeyd edim ki, bəzi insanlar tənqidlə təhqiri ayırd edə bilmirlər. Bu isə artıq tamam başqa mövzudur. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Bizim də öz işimiz-gücümüz var, boş insanlar deyilik ki, oturub kiminsə həyatını müzakirə edək.
Həmçinin, biz çəkiliş edən zaman ərazidə polis nəzarəti var idi və heç bir irad bildirilmədi. Çünki biz heç bir zərər vermirdik. Gülləri məhv edənlərə gəldikdə isə, bəli, bu, vəhşilikdir, mədəniyyətsizlikdir. Lakin hər video çəkəni, xüsusilə də məni buna görə mühakimə etməyiniz heç də düzgün deyil. Gedin, iradınızı gülləri məhv edənlərə bildirin!”.
Xatırladaq ki, həmin blogerlərin rəsmi və sosial mediada tanındıqları adları aşağıdakılardır:
Selcan Vəlizadə (Seljanvalizada)
Lala Babayeva (lalabva1)
Ad Soyad bəli deyil - (ismiiilaa)
Ad Soyadı bəlli olmayan bloger (Sada)
Nərmin Musayeva (Naramsyv)
Həmayıl Ələsgərova (Həmayıl)