Ermənistanın hazırkı siyasəti və silahlanması ilə bağlı mövqeyi nədir?
Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov News365.az-a fikirlərini bildirib.
Ermənistana silahların yerləşdirilməsi və ya onun hərbi imkanlarının genişləndirilməsi ölkə üçün ağır nəticələrə gətirib çıxaracaq. Ermənistanın əvvəllər torpaqlarla bağlı iddiaları olub və bu iddiaları müxtəlif formalarda gündəmə gətirərək delimitasiya və demokratiya prosesinə mane olmağa çalışıb. Onların əsas məqsədi vaxtı uzatmaq, prosesi ləngitmək və süni maneələr yaratmaqdır.
Hazırkı vəziyyətdə də Ermənistanın strategiyası prosesi gecikdirərək əlavə vaxt qazanmaqdır. Ancaq bu gecikmə dövründə biz onların silahlanmasını daha intensiv şəkildə müşahidə edirik. Belə məsuliyyətsiz yanaşmalar isə Ermənistana heç bir müsbət nəticə gətirməyəcək. Onlar artıq anlamalıdırlar ki, bu siyasət özlərinə ziyan vurur.
A.Bayramov Ermənistanın Azərbaycanla münasibətlərdə hansı addımlar atmalı olduğunu da dilə gətirib:
"Ermənistan əvvəlki təxribatları ilə sübut etdi ki, delimitasiya və demokratiya prosesi onlar üçün könüllü seçim deyil, məhz Azərbaycanın güclü mövqeyi qarşısında məcbur olduqları bir addımdır. Ermənistan tərəfi anlamalıdır ki, bu gün Fransa və Avropa İttifaqından (Aİ) gözlədiyi dəstək ona çıxış yolu təmin etməyəcək. Onların yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Bunun üçün isə əvvəlcədən razılaşdırılmış məsələlərə, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı götürdükləri öhdəliklərə əməl etməlidirlər. Həmçinin qaytarılmalı olan kəndlər və digər ərazilərlə bağlı konkret addımlar atılmalıdır.
Əgər Ermənistan yaxşı niyyətini göstərsə və praktiki olaraq bu istiqamətdə işlər görsə, bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün faydalı olacaq."- deyə vurğulayıb.