Minsk üzərində naməlum pilotsuz uçuş aparatının (PUA) vurulması Belarus-Ukrayna arasında yeni gərginlik yarada bilər. Belarusun rəsmi orqanları bildiriblər ki, PUA-nın qalıqları üzərində Ukrayna dilində yazılar aşkarlanıb və istintaq prezident Aleksandr Lukaşenkonun “şəxsi nəzarətindədir”.
Belarusun versiyasına görə, PUA gecə saatlarında hava hücumundan müdafiə sistemləri tərəfindən “radiosiqnal sıxışdırma vasitəsilə zərərsizləşdirilib” və Matusyeviç küçəsi 72 ünvanının yaxınlığında yerə düşüb.
Hadisə nəticəsində partlayış baş verməyib, lakin əraziyə yaxın dayanmış avtomobillər zədələnib.
Maraqlıdır ki, PUA-nın “partlayıcı maddə və metal qəlpələrlə təchiz olunmuş döyüş hissəsi” olduğu da qeyd olunur.
İnsident ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında atəşkəs üçün müəyyən etdiyi son tarixdən dərhal sonra baş verir. Belə ki, Tramp Rusiyaya danışıqlara başlamaq üçün 10 gün vaxt verib. Vaşinqtonun təzyiqlərinə rəğmən, Moskvanın razılıq verməyəcəyi gözlənilir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev artıq bəyan edib ki, sülh danışıqları yalnız "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) bütün məqsədləri yerinə yetirildikdən sonra olacaq.
Rusiya üçün döyüş coğrafiyasını genişləndirmək artıq taktiki məqsəd ola bilər. Ukraynanın guya Belarus ərazisinə PUA göndərməsi versiyası isə bunun üçün “uyğun bəhanə” kimi istifadə oluna bilər. Lukaşenko əvvəllər dəfələrlə ölkəsini müharibəyə cəlb etməyəcəyini bildirsə də, hazırkı şəraitdə o, Kreml təzyiqlərinə tab gətirə biləcəkmi? Bu sual hələlik açıq qalır.
Analitiklər ehtiyat edirlər ki, bu hadisə Belarusun münaqişəyə bilavasitə cəlb olunmasına yol aça bilər. Əgər Minsk Ukraynanı “əraziyə təcavüz”də ittiham etsə və Kremlin dəstəyi ilə hərbi addım atsa, regionda yeni vəziyyət yarana bilər.
Yeri gəlmişkən Belarus liderinin mətbuat katibi Natalya Eysmont ötən bildirib ki, Lukaşenko ən mühüm və ciddi məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə şəxsi görüş barədə razılığa gəlməyi planlaşdırır.
Onun sözlərinə görə, iyulun 27-də Putinlə Lukaşenko arasında baş tutan telefon danışığında tərəflər proqram mövzularına toxunmayıblar.
“Belarus və Rusiya prezidentlərinin, əlbəttə ki, hər zaman müzakirə edəcəkləri nələrsə var. Belə desək, bir çox mövzularda - həm ikitərəfli münasibətlər, həm də beynəlxalq gündəm ilə müzakirələr ola bilər. Ümumiyyətlə, telefonla müzakirə edilməməsi daha yaxşı olan mövzular var. Prezidentlər yaxın gələcəkdə görüş barədə razılığa gələcək və bütün ən mühüm və ciddi məsələləri üz-üzə müzakirə edəcəklər”, - Eysmont deyib.