Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız barədə qərar verilib

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız barədə qərar verilib
20:40

Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə qız ev dustaqlığına buraxılıb.

News365.az APA-ya istinadla xəbər verir ki, bu barədə Nizami rayon məhkəməsində qərar verilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini təklif edib. Məhkəmə təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Bakının Nizami rayonunda mənzildə ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və orada ölüb.

Prokurorluğun yaydığı məlumata görə, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb. Onun 15 yaşlı qızı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.



Sizin reklam burada
Sizin reklam burada