Azərbaycanla Türkiyə arasındakı mərhələ yeniyetməlik dövrü böhranı kimidir

Azərbaycanla Türkiyə arasındakı mərhələ yeniyetməlik dövrü böhranı kimidir
09:12
Sosial media hər keçən gün daha çox informasiya zibilxanasına çevrilməkdədir. Dünənə qədər normal və öz axarında gedən məsələləri indi götürüb fərqli-fərqli formalarda təqdim etməyə cəhd göstərirlər.
​Hakan Fidanın qarşılanması ətrafında yersiz səs-küy qaldıran türk qardaşlarımız indi də İsrail Prezidentinin Azərbaycana AZAL təyyarəsi ilə gəlməsini, bu təyyarənin "Şuşa" adlanmasını isə guya Türkiyəyə mesaj, tərəfdaşlığa xəyanət kimi təqdim etməyə çalışırlar.
​Kadrlardan da göründüyü kimi, İsrail Prezidenti Azərbaycana AZAL təyyarəsi ilə gəlib. Ancaq bu təyyarə xüsusi olaraq onu gətirmək üçün göndərilən təyyarə deyil. "Flightradar" sistemində təyyarənin bort nömrəsini yazdıqda onun son uçuşları barədə ətraflı məlumat çıxır. Həmin tarixçəyə əsasən, "Şuşa" adlı "Boeing Dreamliner" təyyarəsi müntəzəm olaraq Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşlar həyata keçirir. Bu təyyarə dövlət bortu deyil, adi sərnişin təyyarəsidir.
Normalda çıxış və giriş qadağası olmayan, Azərbaycana giriş icazəsi olan istənilən ölkənin vətəndaşı biletini alıb bu təyyarədən istifadə edə bilər.
​Bəziləri qeyd edirlər ki, Azərbaycan təyyarə sərnişinləri barədə məlumat verməyib. Mənim bildiyim qədərilə, dövlətlərarası razılaşmalara əsasən hərbi yük, ağır kimyəvi maddələr, partlayıcı vasitələr tranzit olaraq daşınanda hava məkanından istifadə ediləcək ölkələrə diplomatik kanallarla məlumat verilir. Adi sərnişin təyyarəsinin gündəlik uçuşu və onun göyərtəsində olan sərnişinlər barədə məlumat vermək zərurəti yoxdur.
​Bir neçə il öncə AKP iqtidarında bir dönəm xarici işlər naziri olmuş Əhməd Davudoğlu "qonşularla sıfır problem" konsepsiyasını həyata keçirməyə başlamış və bu konsepsiya çərçivəsində o zaman işğalçı Ermənistanın prezidentini Türkiyədə qarşılamışlar, birlikdə futbol matçını izləmişdilər. Tarixə "futbol diplomatiyası" kimi düşən o dönəm Azərbaycanın haqlı narazılığına səbəb olmuşdu.
​Sosial medianın imkanlarından istifadə edib uzun illər ərzində qurulmuş münasibətləri zədələmək heç bir halda nə Türkiyənin, nə də Azərbaycanın yeni güc mərkəzinə çevrilmək siyasətinə uyğundur.
​Türk qardaşlarımız başa düşməlidirlər ki, onlar istəyir deyə Azərbaycan "çıraq"rolunda olmayacaq.
Azərbaycanla Türkiyə arasında hazırda müşahidə edilən mərhələ yeniyetməlik dövrü böhranı kimidir. Necə ki böyüklər 16-18 yaşlı gəncin müstəqil olmaq istəklərini bir müddət ağrılı və etirazla qarşılayırlar, hazırda Azərbaycanın da müstəqil addımları Türkiyədə bəzi dairələr tərəfindən belə qarşılanır.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada