Azərbaycanda qadınlara göstərilən diqqətin bariz nümunəsi

Azərbaycanda qadınlara göstərilən diqqətin bariz nümunəsi
07 Mar 2025 10:27

Bu gün dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir

Azərbaycan qadınları tarix boyunca milli dəyərləri qorumaqla yanaşı, həm də mədəniyyətin və mənəviyyatın yaşadılmasında əvəzsiz rol oynamışlar. Onlar yalnız ailənin qayğısına qalmaqla kifayətlənməyib, cəmiyyətin inkişafında da fəal iştirak ediblər. Qadınlarımızın tarixi dövrlərdə əldə etdiyi uğurlar, onların gücünü və mübarizliyini göstərir. Bu gün də, müasir dövrdə, Azərbaycan qadınları öz ailələrini, dilini, mədəniyyətini və mənəviyyatını qorumaqla yanaşı, həm də təhsil, iş dünyası və sosial həyat sahələrində fəal iştirak edirlər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların seçki hüququ qazanması və siyasi həyatda fəal iştirak etmələri, Azərbaycan tarixində qadın hüquqları sahəsində bir dönüm nöqtəsi idi. Bu, eyni zamanda qadınların cəmiyyətin müxtəlif sahələrində irəliləyişlərinin təməlini qoymuş və bu gün də həmin dövrün mirası Azərbaycan qadınlarının hüquqları və sosial mövqeləri üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Azərbaycan qadınlarının mübarizliyi və əzmkarlığı, milli kimliyin və mədəniyyətin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisin sədri Sahibə Əli qızı Qafarovadır. Müxtəlif partiyalardan və müstəqil olaraq seçilən qadınlar, Milli Məclisdə qanunverici orqanın fəaliyyətinə töhfə verməkdədirlər. Onlar sosial siyasət, qadın hüquqları, ailə məsələləri, təhsil və səhiyyə kimi mühüm sahələrdə qanunların qəbul edilməsində və inkişaf etdirilməsində mühüm rol oynayırlar.

Azərbaycan qadınları, həm Parlamentdə, həm də cəmiyyətin digər sahələrində öz mövqelərini daha da gücləndirirlər. Bununla yanaşı, qadınların siyasi və sosial həyatda daha çox təmsil olunması üçün hələ də bəzi çətinliklər mövcuddur. Amma ümumilikdə, qadınların siyasi fəaliyyətinə artan dəstək və onların Parlamentdə təmsilçiliyi, Azərbaycanın gələcək inkişafı üçün çox önəmlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra qadınların Parlamentdə təmsilçiliyi və siyasi həyatda fəal iştirakı artmışdır. Bu, ölkənin demokratik inkişafı və qadın hüquqlarının təmin olunması sahəsində mühüm bir addım olub və bu tendensiyanın davam etdirilməsi, Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafı üçün əhəmiyyətlidir.

Azərbaycan tarixində bir çox qadın liderlər də mövcud olmuşdur. Azərbaycanın qadın liderləri bu gün də cəmiyyətdə öz nümunəviliyi ilə seçilirlər. Məsələn, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva kimi müasir dövrdə ölkənin birinci xanımı, həmçinin Azərbaycanın sosial və mədəni həyatında böyük təsirə malik olan qadınlar vardır. O, Azərbaycanın birinci xanımı olaraq yalnız sosial sahələrdə deyil, həm də siyasi və diplomatik fəaliyyətlərdə fəal iştirak edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq, ölkəmizin inkişafına böyük töhfələr verir. Onun fəaliyyəti təkcə siyasət sahəsində deyil, həm də sosial, mədəni və xeyriyyə işlərində özünü göstərir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Mehriban Əliyeva həm də beynəlxalq səviyyədəki əlaqələrin qurulmasında və Azərbaycanın mədəniyyətinin tanıdılmasında mühüm rol oynayır. Onun fəaliyyəti, həm ölkədaxili, həm də xarici aləmdə geniş rəğbət qazanır və Azərbaycanı daha da tanıdan, gücləndirən bir şəxsiyyət kimi tanınır.

Bu gün dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət qadın siyasəti, Azərbaycan qadınlarının cəmiyyətdəki rolunu gücləndirən və onların sosial, iqtisadi və siyasi sahələrdə daha da fəal iştirakını təmin edən bir çox mühüm təşəbbüslərdən ibarətdir. Bu siyasət, qadınların hüquqlarının qorunması, təhsil, səhiyyə və iş imkanlarının genişləndirilməsi kimi sahələrdə mühüm addımların atılmasına şərait yaradır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da qadınların inkişafı və sosial problemlərinin həlli istiqamətində apardığı fəal fəaliyyətləri, Prezident İlham Əliyevin qadın siyasətini daha da gücləndirir. Bu siyasət, həmçinin gender bərabərliyi sahəsində də ciddi irəliləyişlərə səbəb olmuşdur. Prezidentin təşəbbüsləri və irəli sürdüyü islahatlar, qadınların ölkəmizin inkişafına olan töhfələrini artırmağa yönəlmişdir. Bu yanaşma, Azərbaycan qadınlarının öz potensialını daha geniş şəkildə gerçəkləşdirməsinə imkan verir və dövlətin qadınlara olan diqqətinin artırılmasına xidmət edir. Yeri gəlmişkən, 8 Mart – Beynəlxalq Qadınlar Gününün Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunması ölkəmizdə qadınlara göstərilən diqqətin bariz nümunəsidir. Hər il 8 Mart bayramı ərəfəsində Azərbaycan dövləti, qadınların cəmiyyətin inkişafına və müxtəlif sahələrdəki müvəffəqiyyətlərinə verdikləri töhfələrə görə onları yüksək qiymətləndirir. Bu gün, qadınların sosial, mədəni, iqtisadi və elmi sahələrdəki nailiyyətlərini təqdir etmək məqsədilə, dövlət tərəfindən bir qrup qadına fəxri adlar verilir və onlar orden və medallarla təltif olunurlar.

Bu təltiflər, Azərbaycan qadınlarının həyatın müxtəlif sahələrində əldə etdikləri uğurları, onların çalışqanlığını və əzmkarlığını nümayiş etdirir. Həmçinin, bu tədbir, qadınların cəmiyyətdəki mühüm rolunu daha geniş şəkildə tanıtmaq və onları təşviq etmək üçün mühüm bir platformadır. 8 Martda qadınlara verilən bu mükafatlar, ölkəmizin qadın siyasətinin və gender bərabərliyinin təşviqi istiqamətində atılan mühüm addımlardan biridir. Bu həm də cəmiyyətin qadınların hüquq və azadlıqlarına hörmətlə yanaşmasının bir göstəricisidir.

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri

 

 


Sizin reklam burada
Sizin reklam burada