Tarix bəzən bəzi liderləri sadəcə bir siyasətçi
olmaqdan çıxarıb, onların adını xalqlarının taleyi ilə eyniləşdirir. Ukrayna
Prezidenti Volodimir Zelenski də bu adlardan biridir. O, Rusiyanın qanlı
işğalına qarşı yalnız öz xalqını deyil, bütün azad dünyanı müdafiə edən bir dirəniş
simvoluna çevrilmişdir.
Bir komediyaçidən tarixi liderliyə
Zelenski siyasətə atıldığında bir çox insan
onun dövlət idarəçiliyində uğurlu ola biləcəyinə şübhə ilə yanaşırdı. Lakin
2022-ci ildə Rusiyanın Ukraynaya başladığı genişmiqyaslı işğal onun əsl
xarakterini üzə çıxardı. Müharibənin ilk günlərində ölkəsini tərk etməyi rədd
edərək, cəbhədəki əsgərlərlə eyni taleyi paylaşacağını bütün dünyaya bəyan
etdi. Bu qərarı Zelenskini xalqının gözündə bir qəhrəman halına gətirdi.
Müharibənin yükünü daşıyan lider
İşğaldan keçən illər Zelenskinin üzünə dərin
cizgilər saldı. Bir neçə il əvvəl gənc və enerjili bir lider olan Zelenski indi
sanki otuz il qocalmış bir dövlət adamı görünüşündədir. Bununla belə, onun qətiyyəti,
mübarizə əzmi və xalqına olan sevgisi azalmadı. Əksinə, müharibənin hər yeni mərhələsi
onu daha da sərtləşdirdi, daha da qətiyyətli bir lidere çevirdi.
Faşizmə qarşı mübarizə
Ukraynadakı müharibə yalnız iki ölkə arasında
yaşanan bir qarşıdurma deyil. Bu müharibə, avtoritarlığa qarşı azadlığın,
faşizmə qarşı demokratiyanın mübarizəsidir. Zelenski bu mübarizənin ön cəbhəsində
yer alan bir liderdir. Onun cəsarəti və sözləri yalnız ukraynalılar üçün deyil,
bütün dünya üçün ilham mənbəyinə çevrilmişdir.
Qəhrəmanlıq və tarixi irs
Bu gün Zelenski sadəcə bir dövlət başçısı
deyil; xalqının azadlıq mübarizəsinin simvoludur. Tarix kitabları onu işğala
boyun əyməyən, ölkəsini tərk etməyən, xalqı ilə çiyin-çiyinə dayanan bir qəhrəman
kimi yazacaqdır.
İlkin Məmmədkərimov,
News365.az