Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə vacibdir. Lakin onları korlamaq istəyənlər var ki, onlar da bu barədə yaxşı düşünməlidirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yerli mediaya açıqlamasında deyib.
"Bu məsələlərin üzərində sadəcə "əllərini isitmək" istəyənlər çoxdur. Amma çalışıb yanmasınlar. Çünki bizim üçün, məncə, elə hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir", - Zaxarova vurğulayıb.
Xatırladaq ki, iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Yekaterinburqda mütəşəkkil cinayət işində şübhəli bilinən azərbaycanlıları saxlayarkən nümayişkaranə şəkildə onlara qarşı vəhşicəsinə davranıblar. Nəticədə saxlanılanlardan ikisi - Ziyəddin və Hüseyn Səfərov qardaşları müəmmalı şəkildə dünyasını dəyişdi. Onların nəşi artıq Vətənə gətirilib və tibbi ekspertiza zamanı məlum olub ki, hər iki şəxsə qarşı inanılmaz dərəcədə işgəncələr verilib və vəhşicəsinə döyülüblər. Onlar aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər. Rusiya İstintaq Komitəsi isə gülməli açıqlama yayaraq bildirib ki, onlardan biri guya sadəcə ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib, ikincinin ölüm səbəbi isə hələlik "müəyyənləşdirilir".
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini “qəbuledilməz zorakılıq” adlandırıb və həbs zamanı yol verilən qanun pozuntularını araşdırılmasını tələb edib. Nazirlik Rusiyanın Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokova da sərt etiraz edib. Bundan sonra "Sputnik Azərbaycan"ın iki əməkdaşı saxlanılıb. Rusiya XİN- isə Azərbaycan səfirini nazirliyə dəvət edərək etirazını bildirib. Bundan sonra Rusiyada azərbaycanlılara qarşı vəhşi davranışlarla müşahidə olunan saxlanılma prosesləri daha da genişləndi. Azərbaycanda xeyli sayda cinayətkar dəstə üzvü olan Rusiya vətəndaşları da saxlanılıb.
Tural