Yenidoğulmuş uşaqlar niyə hıçqırır?- Pediatr açıqladı

Yenidoğulmuş uşaqlar niyə hıçqırır?-  Pediatr açıqladı
20 Apr 2024 13:46

 "Çox vaxt yenidoğulmuşlarda hıçqırıqlar qidalanmadan sonra baş verir.  Diafraqmanın birbaşa altında mədə yerləşir və o uzandıqda diafraqmanın qıcıqlanması baş verə bilər.  Bu, əsasən həddindən artıq yemək yeyərkən, döş və ya butulka əmərkən çoxlu hava udmaq nəticəsində baş verir."

Bunu News365.az-a açıqlamasında pediatr Günay Rəsulova danışıb.

"Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən çox rast gəlinilən səbəblərdir. Həm də bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda həkimə müracitə etmək lazımdır. Bəzən körpələr uzun sürən hıçqırıq problemi yaşayır. Körpələrdə hıçqırıq tez-tez görülə bilən və təhlükəsi olmayan fizioloji bir haldır. Xüsusilə 0-6 ay arası körpələrdə daha tez-tez ortaya çıxan bu vəziyyətdən xilas olmağın bir neçə yolu mövcuddur. Mütəxəssislər, körpələrdə «hıçqırıq tutmasının» narahatlıq deyil, həzm sisteminə aid orqanların funksiyalarını düzgün yerinə gətirdiyinin işarəsi olduğunu ifadə edir və körpələrdə hıçqırığın 1 yaşına qədər normal hal olduğunu söyləyirlər. Ümumiyyətlə, birdən həyacanlanma, hava udma və hətta havadakı ani soyuma belə körpələrdə hıçqırığa səbəb ola bilər".

Pediatr eyni zamanda hıçqırığın keçməsi üçün lazımı məsləhətlər də verib:

"Hıçqırıq qısa müddətdə keçməzsə, yavaş-yavaş əmizdirə bilər və ya çay kaşığıyla bir miqdar su verə bilərsiniz. Körpənizi dik tutmaq da işə yarayacaq"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər