Xaçlıları təqib edən erməni polislərin əlindəki xaç müəmması - FOTO

Xaçlıları təqib edən erməni polislərin əlindəki xaç müəmması - FOTO
31 May 2024 10:15

Ermənistandan vəziyyət gərgin olaraq qalır. Son günlər Tavuş vilayətinin keşişi Baqrat Srbazan Qalstanyanın rəhbərliyi ilə keçirilən vətəndaş itaətsizliyi aksiyaları zamanı insidentlər yaşanır, polislər və qırmızı beretlilər isə güc tətbiq edərək meydanlara axın edən radikalların aksiyasını dağıdır. Dünən isə Respublika meydanına toplaşan revanşistlərlə qırmızı beretlilər toqquşublar.

News365.az xəbər verir ki, yerli media etirazçıların fəaliyyəti  və hüquq-mühafizə orqanı əməkdaşlarının davranışları ilə yanaşı bəzi maraqlı detallara da diqqət çəkib. Məsələn, "Mamul" nəşri çevik polis qüvvələrirnin bəzilərinin əllərində xaç işarəsi olan döymələrə diqqət çəkib. Kadrlara, fotolara düşən məlum polislərin əllərinə təsadüfən xaç işarəsi döydürmədiyi iddia olunur. Bəzi şərhçilər isə bunu adi təsadüf adlandırıblar. Hərçənd polisdə işləyənlərin bədənində döymələrin olması qadağandır.

Məşhur erməni vəkil Ruben Melikyan isə "Zham.am" nəşrinə açıqlamasında deyib ki, bütün bunlar təzadlı görüntülər ortaya qoyur: "Bəli, onların əllərində xaç döyməsi var. Lakin həmin polislər Məsihin tərəfdarı olan xaçlıları, xaç daşıyan insanları təqib edirlər."

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural  


Sizin reklam burada
Sizin reklam burada