Uşaqların sevimlisi Robin Hud

Uşaqların sevimlisi Robin Hud
09:29
40 il əvvəl dünyanın bütün uşaqları Robin Hud (Kapüşonlu Robin) xəstəliyinə tutulmuşdu. O zaman Britaniyanın “Şervudlu Robin” serialının iki sezonu hətta böyüklər arasında da populyarlıq qazanmışdı. Bakıda da oğlanlar serial personajlarına oxşamaq üçün yay və oxlarla gəzirdilər. Robin Hudun sonda həlakı hamımızı çox məyus etmişdi. Amma biz onda bilmirdik ki, serialın üçüncü sezonu da olub və orada Robin Hudun dəstəsinə onun adını qəbul etmiş yeni qəhrəman başçılıq edir.
O zaman serialın bir epizodu mənə (10 yaşım yox idi heç) çox pis təsir etmişdi. Deməli, Şervud meşəsinə kral Şirürəkli Riçard gəlir, amma onu ölümdən xilas edən Robin Hudun dəstəsinə özünü təqdim etmir. Onlarla yeyir-içir, gülüşür, güləşir və s. Yekunda kim olduğunu bildirəndə isə bu meşə quldurlarını əfv etdiyini bəyan edir. Robin Hud başda olmaqla quldurlar ona beyət edirlər (heç xoşum gəlməmişdi bundan). Amma yekunda yenə də quldurluq etməyə davam edirlər.
Seriala bir daha böyük məmnuniyyətlə baxdım. Həmin epizod da çox ibrətamizdir (indi tam başa düşdüm). Deməli, kral quldurları ona görə əfv edir ki, onları müharibələrində döyüşçü kimi istifadə etsin (yəni humanistlik-filan niyyəti yox idi). Robin Hud isə ümid edirdi ki, kral insanlara yardım edəcək, məmur özbaşınalığına son qoyacaq. Lakin kral məmurlara vəzifələri satmağa başlayır, əhali üçün isə vergiləri artırır. Robin Hud buna etiraz edir və kral onun öldürülməsi barədə gizli əmr verir...
Əkrəm Həsənov, ekspert

Sizin reklam burada
Sizin reklam burada