Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Ucar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaq yazıçısı, Prezident təqaüdçüsü, Həsən bəy Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova ilə yanvarın 13-də görüş keçirilib.
News365.az xəbər verir ki, uşaqların sevimlisi Gülzar İbrahimovanın bu ilk görüşü deyil. Onun ilk dəfə 2018-ci il may ayının 4-də Veteranlar parkında uşaqlarla və rayon ictimaiyyəti ilə görüşü təşkil edilib.
Qeyd edək ki, yazıçı 62 kitab, 47 elektron kitabın müəllifidir. Onun “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Su pərisi”, “Od xəzinəsi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Dəniz balası”, “Dəhşətli nağıl”, “Göydə neçə ulduz var” və b. kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanıb. Gülzar İbrahimova oxucular arasında mənsur şeir yazarı, nağıl yazarı kimi isə “Gülzar nənə” kimi tanınır və sevilir.
Ucarda baş tutan bu dəfəki görüş də çox maraqlı keçib. Oxucuları ilə canlı ünsiyyət quran yazıçı tədbirin sonunda çıxış edib. Oxucularına yeni şeirlərini söyləyib.
Tədbirdə həmçinin, yazıçı onun şeirlərinə bəstələnmiş mahnıları, onun nağılları əsasında hazırlanmış səhnəcikləri və şeirlərini ifa edən uşaqlara hədiyyələr təqdim edib. Sonda Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova uşaq yazıçısı G.İbrahimova haqqında maraqlı məlumat verdi və qonaqlara təşəkkürünü bildirib.
Tədbirdə Gülzar İbrahimovanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Görüşdə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, oxucular, müəllim və məktəblilər, kiçik yaşlı uşaqlar, valideynlər iştirak ediblər.
Qeyd edək ki, Gülzar İbrahimova Ucar rayon Mərkəzi Kitabxanasında olub və kitabxanaya yeni kitablarını hədiyyə edib.
News365.az