ABŞ Prezidenti Donald Trampın administrasiyası saxlanılan miqrantların Luiziana ştatında yerləşən, ölkənin ən tanınmış cəzaçəkmə müəssisələrindən biri olan Anqola həbsxanasına göndərilməsini nəzərdən keçirir.
News365.az xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, həbsxanada onlar üçün təxminən 450 çarpayı ayrılacaq və qərarın sentyabrın əvvəlində qüvvəyə minməsi gözlənilir.
Rəsmi mənbələr bildirir ki, bu addım ABŞ hökumətinə qeyri-qanuni immiqrantlar üçün yeni saxlama mərkəzi inşa etmək xərclərindən yayınmağa imkan verəcək. Əgər plan həyata keçərsə, miqrantlar hazırda məhbuslarının 70 faizindən çoxu zorakı cinayətlərə görə məhkum olunmuş şəxslər olan müəssisədə saxlanılacaqlar.
Donald Tramp prezidentliyi dövründə dəfələrlə immiqrasiya siyasətini sərtləşdirməyin vacibliyini vurğulayıb. O, hakimiyyətə gələr-gəlməz ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan etmiş və qeyri-qanuni immiqrantlara qarşı Amerika tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirməyi hədəflədiyini bəyan etmişdi.
News365.az