Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi"

Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi"
27 Dek 2024 16:36

Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi.

News365.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanovun baş məşqçisi Vasif Rzayev deyib.

O, tələbəsinin qəza xəbərini oxuyanda şoka düşdüyünü bildirib:

"Qəza xəbərini oxuyandan sonra atası ilə əlaqə saxladıq və başsağlığı verdik. Məhəmmədəli yeni ili Qroznı şəhərində qarşılamaq üçün yollanıbmış. Atası hazırda Aktau şəhərindədir və oğlunun nəşini gətirmək üçün ora gedib. Bizim üçün ağır dərddir. Təyyarə qəzasında dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm”.

Baş məşqçi Məhəmmədəlinin ötən ildən məşqlərə qoşulduğunu söyləyib:

“2023-cü ildən bizim məşqlərə qatılırdı. Komandamızın heyətində bir çox yoxlama görüşlərində iştirak edib. Məşqlərdə özünü çox intizamlı aparırdı. Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi. Məşqçi-müəllimlərin və komanda yoldaşlarının rəğbətini qazanmışdı. İstedadı var idi, məşqlərdən olan video görüntülərini paylaşmışdıq. Orta məktəbdə dərslərindən yüksək qiymətlər aldığını eşitmişdim. Onu belə bir qəzada itirdiyimiz üçün çox üzgünük”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Youtube kanalımız