Rusiyanın paytaxtı Moskvada təcili tibbi yardım avtomobilinin sürücüsünün küçədə namaz qılması ictimai müzakirələrə və narazılığa səbəb olub.
Rusiya mediasının, əsasən də millətçi yönümlü nəşrlərin yaydığı məlumata görə, hadisə paytaxtın Butovo rayonunda baş verib. Bildirilir ki, sürücü çağırışda olan həkimləri gözlədiyi vaxt təcili yardım maşınını park edərək onun yanında namaz qılıb.
Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.
Bəzi istifadəçilər bunu şəxsi inanc azadlığı kimi dəyərləndirsə də, digərləri dövlətə məxsus xüsusi təyinatlı nəqliyyat vasitəsinin yanında bu cür davranışın yolverilməz olduğunu bildiriblər.