Tanınmış rəssamın övladını əlindən alırlar

Tanınmış rəssamın övladını əlindən alırlar
14:07
"Face Studio" gözəllik salonlarının sahibi kimi tanınan iş adamı Rüfət Bədirovun keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənovanın övladı əlindən alınır. 

News365.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Fidan Həsənovanın özü bildirib. Onun sözlərinə görə, Rüfət Bədirovla boşandıqdan sonra keçmiş əri övladının onunla yaşamasını əngəlləməyə çalışıb. Bu baxımdan, Fidan Həsənova məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. 

İşə əvvəlcə Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə baxılıb. Maraqlıdır ki, hakim uşağın ataya verilməsi barədə qərar çıxarıb. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov Fidan Həsənovanın şikayəti təmin etməyib. 

Fidan Həsənova hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin etməyib. 


Rüfət Bədirov

Əli hər yerdən üzülən Fidan Həsənova məsələni ictimailəşdirmək qərarına gəlib. Tanınmış rəssam bildirib ki, məhkəmələrin onun əleyhinə qərar çıxarması keçmiş həyat yoldaşının imkanları ilə əlaqədar ola bilər: "Başqa nə düşünüm axı? Hər kəsə bəllidir ki, boşanma olanda uşaq anaya verilir. Uşağı anadan ayırmaq olmaz. Bunu Azərbaycanda bilməyən var? Amma Azərbaycan məhkəmələri heç bir ciddi əsas olmadan uşağın ataya verilməsi barədə qərar çıxarıb. Ona görə də düşünürəm ki, bu keçmiş həyat yoldaşımın imkanları ilə bağlı ola bilər".

O, eyni zamanda əlavə edib ki, hər şeyə rəğmən mübarizəsini davam etdirəcək: "Yuxarı qurumlara müraciət etmişəm və müraciətlərimi bundan sonra da davam etdirəcəm. Məsələni ictimailəşdirməyim heç də məhkəmələrə təzyiq etmək məqsədi daşımır. Sadəcə istəyirəm ki, mənə qarşı olunan haqsızlığı hər kəs görsün və səsim yuxarı orqanlara çatsın. Bu halda inanıram ki, haqq-ədalət bərqərar olunar və mən övladıma qovuşa bilərəm".

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Fidan Həsənova rəssam kimi müxtəlif sərgilərdə iştirak edib. Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan rəssam bu yaxınlarda ABŞ-da keçiriləcək daha bir sərgiyə dəvət alıb. 


Sizin reklam burada
Sizin reklam burada