Xəbər verdiyimiz kimi Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı zorakı davranışlar və milli zəmində təzyiqlər göstərirlər. Azərbaycanda da buna cavab olaraq qanuni çərçivədə müəyyən tədbirlər həyata keçirilir. Dünən Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluğu ilə bağlı keçirdiyi əməliyyatın görüntüləri yayıldı. Əməliyyat nəticəsində nəticəsində saxlanılan Rusiya vətəndaşlarının artıq məhkəməsi də keçirilib.
Maraqlıdır ki, iki ölkə arasında yaranan gərginlik Ermənistan mediası və ümumilikdə cəmiyyətində sevinclə qarşılanır. Bəzən isə rus boyunduruğu altında yaşamağa alışmış erməni siyasətçilər Azərbaycanın sərgilədiyi sərt mövqedən təəccüblərini gizlətmirlər.
Məsələn, politoloq Ara Poqosyan Facebook-da DİN-in keçirdiyi əməliyyatın görüntülərini paylaşaraq yazıb ki, “Hətta ABŞ-də belə ruslar bu formada alçaldılmayıblar. Görünən odur ki, rəsmi Bakı beynəlxalq imicini gücləndirməyə, regional güc statusu qazanmağa çalışır".
O qeyd edib ki, Rusiya artıq Azərbaycan və Türkiyə ilə münasibətlərdə adi, dişsiz ölkəyə çevrilib və bu, təkcə qısamüddətli maraqlara görə olmayıb.
Politoloq onu da vurğulayıb ki, Rusiya tərksilah edilib. Moskva buna Qarabağdakı keçmiş qondarma rejimin son detallarının dağılmasına imkan verməklə şərait yaradıb: "İndi isə Rusiya Azərbaycan üçün adi dişsiz “baba”dır...".
Xatırladaq ki, iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Yekaterinburqda mütəşəkkil cinayət işində şübhəli bilinən azərbaycanlıları saxlayarkən nümayişkaranə şəkildə onlara qarşı vəhşicəsinə davranıblar. Nəticədə saxlanılanlardan ikisi - Ziyəddin və Hüseyn Səfərov qardaşları müəmmalı şəkildə dünyasını dəyişdi. Onların nəşi artıq Vətənə gətirilib və tibbi ekspertiza zamanı məlum olub ki, hər iki şəxsə qarşı inanılmaz dərəcədə işgəncələr verilib və vəhşicəsinə döyülüblər. Onlar aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər. Rusiya İstintaq Komitəsi isə gülməli açıqlama yayaraq bildirib ki, onlardan biri guya sadəcə ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib, ikincinin ölüm səbəbi isə hələlik "müəyyənləşdirilir".
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini “qəbuledilməz zorakılıq” adlandırıb və həbs zamanı yol verilən qanun pozuntularını araşdırılmasını tələb edib. Nazirlik Rusiyanın Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokova da sərt etiraz edib. Bundan sonra "Sputnik Azərbaycan"ın iki əməkdaşı saxlanılıb. Rusiya XİN- isə Azərbaycan səfirini nazirliyə dəvət edərək etirazını bildirib. Gün ərzində Rusiyada azərbaycanlılara qarşı vəhşi davranışlarla müşahidə olunan saxlanılma prosesləri daha da genişləndi. Azərbaycanda xeyli sayda cinayətkar dəstə üzvü olan Rusiya vətəndaşları da saxlanılıb. Günün sonunda isə “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında zorakılıqla saxlanılmasını əks etdirən görüntülər yayıldı.
Tural