Daha bir
dostum şəhadətə yolçuluğa çıxdı. Ötən gün həyatımın ən acı xəbərini aldım. O Vətən
sevdalı, saf, dürüst, tanıdığım ən vicdanlı, namuslu adamlardan biri idi.
Birinci Qarabağ Savaşında çoxlu qəlpə yaraları almış, günlərlə öldü bilib yaşamasına
ümid üzülmüş bir ADAM! Baş nahiyəsinin yarısı protez olan. İllərlə ədalət, haqq
uğrunda yaşamış, savadlı bir insan getdi bu dünyadan...
Zülfü Qasımov
təkcə Zərdab rayonunun Gəndəbil kəndində tanınmırdı.
Bakıda, Abşeronda
onun prinsipiallığı, ədalətli olmağı, mehriban, gülərüz bir insan olması hamının
sevgisi ilə əhatə olunmuşdu.
Zülfü mənim
doğmamdır. Qardaşım qədər sevdiyim insandır. Ailəmin bir parçasıdır. Canımdan
daha bir can qopdu... Parçalandım.
Daha bir əvəzedilməyəcək
doğmamaı itirdim.
Amma bu tək
mənim itkim deyil...
Bu bütün Zərdabın,
bütün Azərbaycanın itkisidir.
Hamımızın
borclu olduğu Qazimizin gedişidir bu....
Zülfü mənim üçün
qohum deyildi, o mənim üçün dürüstlük, haqlılıq, peşəkarlıq, insanlıq simvolu
idi. Onun kimi insanlar cəmiyyətimizə hər zaman örnək olmalıdır.
Heç kim ona
arxa durmadı. Amma o özü prinsipiallığı ilə hazırlaşdı. Dövlət Qulluğuna
imtahan verdi. Nail oldu. İstedadı ilə. Dövlət qulluqçusu oldu. Dövlət Torpaq
Komitəsində işlədi, ardından Abşeronda Əmlak Komitəsi.
O qədər peşəkar
idi ki, ona qarşı gəlməyə heç bir bədniyyət cəsarət edə bilmirdi. Tamahkar da
ola bilməzdi. Heç bütün qazilərə mənzil veriləndə "Dövlətimizi yükə salmayım"
deyib susdu. Ev də almadı.
Səssizcə
getdi...
Şəhadətə
yollandı.
Peyğəmbər
(s.a.s) buyurub ki, "Allahın əmri ilə yaralanan hər kəs Qiyamət günü
yaraları qan axan halda gələcək. Rəngi qan, iyi isə müşk (ətir) kimi
olacaq." (Buxari, Müslim).
O Allahın əmri
ilə evimizi, gözəl Vətənimizi Azərbaycanımızı qorumağa getdi, canının yarısını
fəda etdi. Bu gün onu Ana Vətən Torpağının qoynuna verdik. Ruhun şad olsun ƏZİZ
QARDAŞIM!
Razi Abasbəyli