44 günlük müharibədən sonra hər bir məcburi köçkün
üçün doğma yurd-yuvaya dönmək imkanı yarandı. Lakin ötən 5 ildə minlərlə
insanın doğma dədə-baba ocağına qayıtmaq arzusu hələ də çin olmayıb. Bunun da
obyektiv və subyektiv səbəbləri var.
Obyektiv
səbəb odur ki, işğal dövründə və müharibənin gedişində ermənilər nəzarətdə
saxladıqları ərazilərin hamısını minalayıb. Və Azərbaycanın bütün təşəbbüslərinə
baxmayaraq Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini bizə vermədi. Təsadüfi
deyil ki, ötən 5 ildə işğaldan azad olunmuş ərazilərdə onlarla insan mina
partlayışı nəticəsində həyatını itirib, xəsarət alıb. Elə bir neçə gün öncə
Birinci Qarabağ savaşının fəal iştirakçısı Xanının minaya düşməsi səbəbi ilə həyatını
itirməsi bunun əyani sübutudur.
Digər
səbəbsə məskunlaşmanın dövlət proqramı əsasında aparılmasıdır. Bu gün işğaldan
azad olunmuş bütün ərazilərdə aparılan tikinti işləri məhz dövlət sifarişi əsasında
həyata keçirilir. Bu səbəbdən də məcburi köçkünlərin geri dönüşü ləngiyir.
Di
gəl ki, bəzi soydaşlarımız yerli-yersiz məcburi köçkünləri ittiham edir,
onların dədə-baba ocaqlarına heç zaman qayıtmayacağını söyləyir. Məsələn son
günlər teleaparıcı Səidə Bəkirqızının məcburi köçkünlər haqqında söylədiyi
fikirlər birmənalı qarşılanmadı. Aparıcı iddia edir ki, hər bir qaçqının bir
neçə evi var deyə geri dönmək istəmir.
Başqa
bir iddia ondan ibarətdir ki, geri dönən vətəndaşlar daimi iş yeri tapa bilmir.
Guya bu səbəbdən də köçürülmüş insanlar bir müddət sonra geriyə dönürlər.
Məsələ
ilə bağlı News365.az -a danışan Millət vəkili Ceyhun Məmmədov deyir ki, Cəbrayıl
rayonundan olan və bu bölgədə tez-tez görüş keçirən bir deputat kimi deyə bilərəm
ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər iş var:
“Bu
yaxınlarda getdiyim vətəndaş qəbulunda xüsusi nümayəndəliyin əməkdaşları da
iştirak edirdilər. Vətəndaşlara onlarla müxtəlif işlər təklif etdilər. Təəssüf
ki, heç də insanların hamısı təklif olunan işi qəbul etmək istəmir. Bəzi
insanlar zəhmətə qatlaşmaq əvəzinə evində oturaraq müavinət almaq istəyir. Nə
vaxta qədər?! Müavinət və dəstəyin verilməsinin müsbət tərəfləri ilə yanaşı mənfi
tərəfi budur ki, insanlar işləmək istəmirlər, hər zaman dəstək istəyirlər. Vətəndaşlar
özləri işləməkdə maraqlı olmalıdırlar. İşləmək istəyən insan üçün iş var.
Qarabağda daha çox digər bölgələrdən gələnlərlər işləyirlər. Biz insanları
Qarabağa qaytarırıq. Bu, böyük bir qayıdışdır. Dövlət hər ailəyə təmənnasız ev
verir, həyətyanı və məşğulluq üçün torpaq ayırır. Bundan artıq dövlət nə edə
bilər? İnsanlarımız dövlətin apardığı məskunlaşma proqramına sözdə yox əməldə dəstək
verməlidirlər. Məsunlaşan vətəndaşlar daha təşəbbüskar və yaradıcı
olmalıdırlar. O zaman kifayət qədər yeni iş yeri yaradılar”.
News365.az