İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ABŞ-də keçirilən birinci xanımlar sammitində çıxış edərək oğullarına qarşı təzyiqlərdən danışıb.
News365.az xəbər verir ki, tədbir martın 24-də Vaşinqtonda ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın təşəbbüsü ilə təşkil olunub.
Sara Netanyahu tədbirdə çıxışı zamanı bildirib ki, onun oğulları – Yair və Avner yalnız baş nazirin övladları olduqları üçün təzyiq və təhqirlərə məruz qalırlar: “Mən bunu bir ana kimi şəxsi təcrübəmdə yaşamışam” – deyə qeyd edib.
O, əlavə edib ki, uşaqlara qarşı həm real həyatda, həm də onlayn mühitdə edilən hücumlar qəti şəkildə pislənməlidir.
Sammit çərçivəsində keçirilən konfrans süni intellektin uşaqların təhsilində rolu və bunun yaratdığı risklərə həsr olunub. Sara Netanyahu çıxışında texnologiyaların həm imkanlar yaratdığını, həm də ciddi çağırışlar doğurduğunu vurğulayıb. O bildirib ki, uşaqların rəqəmsal dünyada tək buraxılmaması, onların qorunması və düzgün istiqamətləndirilməsi vacibdir.
Qeyd edək ki, Sara Netanyahu ixtisasca uşaq psixoloqudur və uzun illərdir bu sahədə fəaliyyət göstərir.