Kiyev şokda: ABŞ Ukraynaya əsas silahların tədarükünü dayandırıb

Kiyev şokda: ABŞ Ukraynaya əsas silahların tədarükünü dayandırıb
02 İyl 2025 10:40

Birləşmiş Ştatlar Ukraynanı hava hücumundan müdafiə vasitələri və digər silahlarla təchiz etməyi dayandırıb. ABŞ əvəzində bu silahlardan Pentaqonun ehtiyatlarını artırmaq üçün istifadə edir.


Bu barədə "The Wall Street Journal" (WSJ) yazıb. Nəşr ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndəsi və Konqresin iki köməkçisinə istinad edib. Sayt vurğulayır ki, Ukrayna üçün nəzərdə tutulan silah tədarükünün dayandırılması qərarı Ağ Evin Kiyevin Rusiyadan müdafiəsinə kömək etmək öhdəliyinin zəiflədiyini əks etdirir.


Bunun əvəzinə Tramp administrasiyasının rəsmiləri diqqəti daha çox Çindən gələn təhdidlərə və daha da vacib olan Yaxın Şərqdəki hərbi ehtiyaclara yönəltməyin vacibliyini vurğulayıblar.

Ağ Evin mətbuat katibi Anna Kelli Pentaqonun ABŞ-ın hərbi yardımını yenidən nəzərdən keçirməsindən sonra deyib: "Bu qərar Amerikanın maraqlarını birinci yerə qoymaq üçün verilib".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada