“Kitab yüklənmiş eşşəklər“ kimlərdir? - Tural İrfan yazır

“Kitab yüklənmiş eşşəklər“ kimlərdir? -  Tural İrfan yazır
23 Apr 2024 10:15

Deyilənə görə Əbülqasim Firdovsi həbsdə olarkən çox qəm-qüssə, iztirab çəkirmiş. Onu, məhbəs yox, nadan, cahil və rəndələnməmiş adamlarla eyni hücrəyə salınması incidirmiş. Hər dəfə şeir oxuyanda məhbəs yoldaşları ona diqqət göstərmir, qulaq asmır, səs-küy salırmışlar. Ancaq bir dəfə şeir oxuyanda bir nəfərin diqqətlə qulaq asıb sonra kövrəldiyini görüb çox sevinir. Düşünür ki, deyəsən heç olmasa bir nəfər məni anlayan tapıldı bu məhbuslardan.

Şeiri bitirib deyir, səni təsirləndirən mənim şeirimin hansı beyti oldu? Adam cavab verir ki, məni kövrəldən şeir olmadı, bir keçim var idi, ot yeyəndə saqqalı sənin saqqalın kimi tərpənirdi. İndi sənin saqqalın tərpəndi, keçim yadıma düşdü, ona görə ağlayıram.

Firdovsi bundan sonra Sultana yazaraq belə adamlarla bir yerdə olmağın ölümdən betər olduğunu qeyd edir və artıq onun sifarişini icra etməyə hazır olduğunu qeyd edir.

Cahil və nadan adamlar həqiqətən bəşəriyyətin bəlasıdır. Hətta bəzən bəzi hüquq normaları, qanunlar da cahil və kütbeyin kütlənin xatirinə güzəştlə qəbul olunur ki, bu da ziyalı, dərrakəli, istedadlı adamların hüquqlarını məhdudlaşdırır, həyatını Firdovsi kimi məhbəsə çevirir. Dostoyevski yazırdı ki, tolerantlıq o həddə çatacaq ki, zəkalı adamların düşünməsi qadağan ediləcək ki, axmaqları incitməsin.

Axmaq, nadan, zırrama adam zəkalı bir uşağın qurduğu evciyi şıllaq atıb dağıdan ulaq kimidir. Quran surələrinin birində belələri "kitab yüklənmiş eşşəklər" kimi xarakterizə edilir.

Həqiqətən də ulağın xurcununa Nizaminin "Xəmsə"sini, BMT-in Nizamnaməsini də yükləsən elə eşşəkdir ki, eşşək, arı ayağını sancan kimi soncuqlayıb hamısını tökəcək yarğan aşağı...

Bax, zırrama, cahil, bilməyən - öyrənmək də istəməyən nadanlar da ziyalı, zəhmətkeş, istedadlı, arif adamların zəhmətini həmin ulaq sayağı bir andaca dərədən aşağı yuvarladanda təzad yaranır artıq...

Tural İrfan, MCP sədrinin müavini


Youtube kanalımız

Oxşar xəbərlər