"Donald Tramp prezidentliyinin ilk ilində İranla qarşıdurmaya girməklə reytinqini müəyyən qədər aşağı salmışdı. Çünki ABŞ-la müqayisədə İran olduqca zəif bir dövlətdir və Vaşinqtonun Tehran üzərinə getməsi ABŞ-ın beynəlxalq imicinə mənfi təsir göstərmişdi."
Siyasi şərhçi Elnur Ənvəroğlu bunu News365.az-a açıqlamasında deyib.
"Hazırda İranın ritorikasını sərtləşdirməsi və açıq şəkildə meydan oxuması isə ABŞ-ın bugünkü vəziyyəti ilə əlaqəlidir. ABŞ daxili siyasi parçalanma dövrünə qədəm qoyub və Avropa İttifaqı ilə münasibətlərində fikir ayrılıqları yaranıb. Bu gərginlikdən istifadə edən İran, ABŞ-a qarşı daha aqressiv mövqe sərgiləyir.
Bununla belə, İran və ABŞ güc baxımından müqayisə edilə bilməz. Əgər Vaşinqton istəsə, İranı asanlıqla neytrallaşdıra bilər. Lakin İranın hazırkı aqressiv davranışı bugünkü qlobal vəziyyətdən qaynaqlanır. Tehran anlayır ki, növbəti hədəfə çevrilə bilər və indidən tədbirlər görməyə çalışır.
Digər tərəfdən, ABŞ qarşıda atmalı olduğu bir sıra mühüm addımlarla üzləşib. Səudiyyə Ərəbistanında keçirilən görüş, Rusiya ilə sülh danışıqlarının taleyi və bu məsələnin necə həll ediləcəyi hələ də sual altındadır.
Donald Trampın hakimiyyətə gəlişi Avropa ölkələrində müəyyən narahatlıq yaradıb. Çünki Avropa İttifaqında da parçalanma meyilləri müşahidə olunur. Bunu Qrenlandiya məsələsi, Aİ ilə münasibətlər və Ukrayna böhranı fonunda da görmək mümkündür.
Digər mühüm məsələ isə Qəzza münaqişəsidir. Trampın növbəti planları bu regionla bağlıdır və bu, Orta Şərqdə birmənalı qarşılanmır. Hazırda ərəb ölkələri də Fələstinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içindədir.
Bütün bu proseslərdən istifadə edən İran, öz növbəsinin gələcəyini anlayaraq, ABŞ-a qarşı indidən tədbirlər görməyə çalışır."