“Ailə gəlirləri
artdıqca büdcədə ərzaq məhsullarına xərclərinin payı azalır. Bu fakti ilk dəfə XIX əsrdə alman statistik Ernst Engel iqtisadi qanun şəklinə salıb. Ona görə
də buna Engel qanunu deyirlər. Səbəb çox sadədir”.
Bunu News365.az-a açıqlamasında
iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, insan nə qədər çox
qazansa da, mədəsi böyümür:
“İnsanın mədəsi
aşağı-yuxarı yaxın həcmdə qida qəbul edə bilir. Ən pis halda gözü doymayan biri
digərindən 3-5 dəfə çox yeyəcək. Amma mədədə təzyiq artan kimi, gözün hərisliyinin
qarşısı alınır.
Lakin qeyri-ərzaq
məhsullarını toplamaq üçün fiziki tutum məhdudiyyəti yoxdur. Ona görə də gəlirlər
artıqca, insan "bəsdir" demir, “iştah”ı dayanmadan sonsuza qədər
böyüyür. Daha bahalı geyimlər, daha bahalı avtomobil, ardınca avtomobillər, daha
müasir texnologiyalar, daha gözəl evlər, mülklər, imkan varsa hətta şəxsi təyyarələr.
Yəni gəlir
yüksəldikcə insanın qarnından daha çox qeyri-ərzaq arzularına ayırdığı xərclər
artır. Buna görə də gəlirlər ardıqca ümumi büdcədə ərzağın payı getdikcə azalır.
İki nümunə
yazacam. Məsələn, ABŞ-da ərzaq xərcləri ailə büdcəsinin orta hesabla 6,7%,-I təşkil
edir. Cənubi Sudanda isə ailələr xərclərinin 90.6 %-ni ərzağa sərf edir.
Ona görə də
hər bir ölkədə insanların gəlirlərindən ərzağa ayırdığı pay həmin ölkənin
iqtisadi səviyyəsi üçün çox ciddi iqtisadi göstəricidir. Hətta deyərdim ki, bu
ölkələrin iqtisadi “termometri”dir”.
News365.az