Əlisa Nicatı Səməd Vurğunla bağlı fikirlərinə görə linc etməliyikmi?- Tural İrfan yazır
Mədəniyyət
09:39
Cəmiyyət hələ ədəbiyyatı və ədəbiyyat adamlarını ədəbli şəkildə müzakirə, tənqid etməyə hazır deyil. Ədəbiyyatı, ədəbsiz söyüşlərlə "müzakirə" edir "ədəbiyyatçılar"...
Əlisa Nicat deyib ki, Səməd Vurğun yaltaq olub. Olmazmı ki, ədəbli və mədəni şəkildə cavab verilsin ki, xeyr elə olmayıb, o yeri gələndə cəsarətli, qürurlu və müsbət keyfiyyətlərə malik olan şair olub?
Əlisa Nicat da dayaz danışıb. Səməd Vurğun şəxsiyyəti bir cümləlik ittihamla təqdim oluna bilməz.
Olmazmı ki, Əlisa Nicatın da uzun illik yaradıcılığına, ahıl yaşına uyğun olaraq cavab verilə ki, sizin ittihamınız qərəzli və dayaz görünür, filosof səviyyəsinə yaraşmır?
Gərək sosial şəbəkələrdə şantaj, təhqir, iftira yağdırasınız? Özü də elə adamlar təhqir edir ki, Səməd Vurğunun bir şeirini əzbər bilmir və Əlisa Nicatın da bircə əsərini oxumayıb.
Tarixi şəxsiyyətlərə tanrı kimi sitayiş etmək yox, onları araşdırmaq, öyrənmək, lazım gələndə tənqid etmək, müzakirəyə çıxarmaq da lazımdır. Baxış bucaqları fərqli ola bilər. Bizdə hələ mağara təfəkküründən, tayfa məfkurəsindən çıxa bilməyənlər təəssüf ki, çoxdur.
Ədəbiyyat ədəb sözündəndir, məqsədi və mahiyyəti cəmiyyəti ədəbləndirməkdir. Amma adamlar hazırda ədəbsiz sözlərlə sübut etmək istəyirlər ki, ədəbiyyat ədəb yox, ədəbsizlikdir!