“Düşüncə qəssablığı“ “düşünməkdən imtina“dan daha böyük fəsadlar törədə bilər”- Fazil Mustafa

“Düşüncə qəssablığı“ “düşünməkdən imtina“dan daha böyük fəsadlar törədə bilər”-  Fazil Mustafa
22 Apr 2024 16:53

“Əsrlər öncə avropalı bir səyyah Eskimo qəbilə başçılarının birindən "Nə düşünürsən?" deyə soruşanda, Eskimo "düşünmək məcburiyyətində deyiləm, evimdə artıqlaması ilə ət var", deyə cavab verir”. 

News365.az xəbər verir ki, bu fikirləri Millət vəkili Fazil Mustafa söyləyib. O əlavə edib ki, Eskimo təsəvvürlərinə görə "düşünmək", evdə ətin olub-olmaması ilə bağlı məsələdir:

“Bizdə isə kiminsə oturuşmuş iş yeri, başının üstündə və ya taleyinin üstündə krışası, sementləşmiş inancı, məzhəbi, təriqəti, partiyası, futbol komandası, bir qismət çörəyi, qəbirstanlıqda satın aldığı qəbir yeri və əlində lotareya bileti varsa qafasında düşünmək ehtiyacı doğmur. Acınacaqlı odur ki, bizdə evində və sümüyünün üstündə əti olmayan da düşünmək barədə düşünmür belə. "Ətin tökülsün!" deyə qınayıcı bir söz var ya, bəlkə də düşünməyə çağırışın ideomatik bir ifadəsidir. Yəni "ətin tökülsün, bir dəri-bir sümük qalasan, bəlkə o zaman düşünəsən!" anlamında bir qarğış. Nə ət, nə dəri, nə də sümük- insanı düşünməyə yönləndirən əsas nemət kitabdır”.

“Gözünlə baxdığın televiziya və ya virtual internet sosiallaşması sənin necə düşünməli olduğunu çatdırır, kitab isə gözünlə oxuduğunu beynində çək-çevir edərək düşünməyini tələb edir. Əslində facebookda səhifələrimizi əksər hallarda ətlə (şəkilllə, mizahla, qısa atmacalarla, prikollarla) doldururuq ki, böyük əksəriyyətin "düşünməmək" arzusunu gerçəkləşdirək. Adam az qalır ki, düşüncə həyatımız üçün vacib olan yazıları, çıxışları paylaşanda "müvəqqəti narahatçılığa görə üzr istəyirəm!" cümləsini yazsın. İşın ağır tərəfi budur ki, virtual sosial məkanda ancaq "düşüncə qəssablığı" edərək ətlə sümüyü bir birindən ayırmaq mümkündür. "Düşüncə qəssablığı" isə "düşünməkdən imtina"dan daha böyük fəsadlar törədə bilər”-deyə Millət vəkili bildirib.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər