Paytaxtın Yasamal rayonu Arif Mehdiyev və Arif Məlikov küçələrində çökmələr müşahidə olunub.
News365.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
A. Mehdiyev küçəsindəki yolun yararsız hissəsini görüntüyə alan vətəndaş bildirib ki, həmin hissədə çökmə davam edir:
“Başqa bir adam qurban olmamış, gəlin, bu yolu təmir edin. Çökəkdir, sökülüb, dağılır”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Yasamal rayonu, Arif Mehdiyev küçəsindəki istismara yararsız quyunun üstü doldurulub, Arif Məlikov küçəsindəki çuxurla bağlı isə Yasamal rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən tədbir görülür.
Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölüb. Onun faciəli şəkildə vəfatı cəmiyyətdə ciddi rezonans yaradıb.